XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

17 Aprel 2018 - 16:02

Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqlədi –YENİLƏNİB

Azərbaycanda 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası öz işinə başlayıb.

Trend-in məlumatına görə, məruzəçi hakimlərdən Sona Salmanova və Rafael Qvaladze çıxış ediblər.

S.Salmanova bildirib ki, Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrinə dair bütün məntəqələrdən daxil olmuş məlumatları ümumiləşdirərək seçki protokolunun təsdiq olunması üçün müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edib.

R.Qvaladze isə seçkilərin qanunvericiliyə uyğun keçirildiyini bildirib və seçkilərin nəticələrinə dair protokola əsasən İlham Heydər oğlu Əliyevin səslərin çox hissəsini toplayaraq qalib olduğunu bildirib.

İclasda seçki prosesi barədə danışan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, seçkilər 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilib.

M.Pənahov namizədlərə yaradılmış şəraitdən danışıb, həmçinin ödənişsiz efir vaxtının, qəzetlərdə yer ayrılmasını qeyd edib: “Seçkilərin azad, demokratik və şəffaf şəkildə keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən kifayət qədər yerli və xarici müşahidəçi qeydə alınıb, habelə məntəqələrin 20 faizində veb-kameralar quraşdırılıb”.

MSK sədri deyib ki, seçkilərdə 8 namizəd qeydə alınıb və seçki prosesi zamanı bütün namizədlər üçün bərabər şərait yaradılıb “Seçkilər seçicilərin fəal iştirakı ilə baş tutub. Səsvermə günü proseslər həm MSK tərəfindən yayılan məlumatlarla, həm də veb-kameralar vasitəsilə ictimaiyyətə geniş şəkildə çatdırılıb”.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb.

***

Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında Konstitusiya Məhkəməsi sədrinin müavini, məruzəçi hakim Sona Salmanova Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokola Konstitusiya icraatı qaydasında baxıldığını bildirib.

Hakim Rəfael Qvaladze prezident seçkiləri ilə prokurorluq və polis orqanlarına şikayət daxil olmadığını nəzərə çatdırıb.

İclasda çıxış edən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, prezident seçkiləri ilə əlaqədar 15 nəfərin namizədliyi irəli sürülüb, 15 nəfərə imza vərəqi verilib, 10 nəfər imza vərəqini qaytarıb, 8 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.

Seçkiləri 61 beynəlxalq təşkilat və 59 ölkədən 894 beynəlxalq müşahidəçi izləyib. Eyni zamanda 1000 məntəqədə veb-kamera quraşdırılıb. Seçicilərin fəallığı 74,30 faiz olub.

MSK-nın qərarına əsasən, 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 26 saylı, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı və 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı seçki məntəqələrində nəticələr ləğv olunub. 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı və 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı seçki məntəqələrinin seçki komissiyaları isə buraxılıb.

Bu məntəqələrdə seçkinin nəticələrinin ləğv edilməsi ümumi nəticəyə təsir etməyib: “Hesab edirəm ki, Konstitusiya Məhkəməsi MSK-nın seçkilərin nəticələri ilə bağlı təqdim etdiyi sənədi təsdiq edə bilər”.

Daha sonra M. Pənahov Konstitusiya Məhkəməsinin hakimlərinin suallarını cavablandırıb.

İclasda ekspert qismində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov çıxış edib. O, prezident seçkilərinin Konstitusiyaya uyğun olaraq azad, ədalətli, demokratik keçirildiyini deyib, seçki prosesinə müsbət rəy verib.

İclasda Dövlət Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun tərtib etdiyi arayışla isə Ulduzə Həmidova çıxış edib.

Onlar hakimlərin suallarını da cavablandırıblar.

Daha sonra hakimlər müşavirəyə gedib.

***

Konstitusiya Məhkəməsi 11 aprel 2018-ci ildə keçirilmiş prezident seçkilərinin nəticəsini təsdiq edib.

APA-nın məlumatına görə, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib.

Qərara əsasən, Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 86,02 faiz səslə prezident seçkilərində qalib gəlib.