Aprelin 19-da saat 12:24-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 14:09-da Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Xanlıqlar kəndində mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri Ağstafa su anbarının ətrafına baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində dörd partlamamış hərbi sursat (bir ədəd 85 millimetrlik top mərmisi (OF-365A), bir ədəd 100 millimetrlik top mərmisi (OF-412), bir ədəd F-1 əl qumbarası və bir ədəd PQ-15 raketinin gilizi (NBL-60) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin tapıldığı yerin ətrafında 500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.
Yanvarın 1–dən aprelin 19-dək ANAMA tərəfindən 3467 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə və tank əleyhinə 3 mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 63 min 745 kvadratmetr ərazi yoxlanılıb.