XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

28 Aprel 2018 - 18:26

BDYPİ:"Bəzi ciddi qayda pozuntularının sayında artım var"

Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə Lənkəran və Masallı rayonlarında yol hərəkətinin tənzimləməsi və hərəkətin təhlükəsizliyinin təmini məqsədilə maarifləndirici tədbirlər keçirilib.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, hər iki rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən görüşlərdə çıxış edən BDYPİ-nin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, Dövlət Yol Polisi xidmətində son illər fəaliyyətin müasir tələblərə uyğun qurulması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və həyata keçirilən digər tədbirlər nəticəsində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində müsbət nəticələrə nail olunub: “Lakin nəqliyyat vasitələrinin, hərəkət iştirakçılarının sayı artdıqca görülən tədbirlərin miqyası daha da artırılmalıdır. Məsələn, hazırda Lənkəran və Masallı rayonlarının hər birində təxminən 20 min nəqliyyat vasitəsi var. Nəqliyyat vasitələrinin getdikcə artdığı, hərəkətin sıxlaşdığı bir vaxtda istər sürücülər, istərsə də piyadalar tərəfindən yol hərəkəti qaydalarına daha ciddi riayət olunmalıdır ki, axır nəticədə yol qəzaları baş verməsin”.

Qeyd olunub ki, son illər eyni zamanda istər Baş Dövlət Yol Polisi İdarəsinin, istərsə də ərazi polis orqanlarının aidiyyəti xidmətin əməkdaşları tərəfindən ictimaiyyət arasında, təhsil müəssisələrində və digər kollektivlər qarşısında mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil olunur. Aparılan həmin profilaktiki işlərin, görülən davamlı tədbirlərin nəticəsidir ki, son illər yol qəzalarında həyatını itirənlərin sayında azalma müşahidə edilir.

Daha sonra çıxış edən BDYPİ-nin YPX Alayının xidmət üzrə komandir müavini, polis polkovnik-leytenantı Xosrov Nəcəfov deyib ki, qanun-qaydalara riayət olunması və yol mədəniyyətinin yüksəldilməsi üzrə təbliğat işində vətəndaşlar da yol polisinə dəstək olmalıdırlar. Hər bir hərəkət iştirakçısı bilməlidir ki, yol hərəkəti qaydalarına etinasızlıq və ya ani diqqətsizlik sonda ağır qəzalara, nəticələrə səbəb ola bilər. Bu isə həm sürücülər, həm də hərəkət iştirakçıları üçün həyati təhlükə kəsb edir.

Başqa çıxış edənlər də profilaktiki tədbirlərin əhəmiyyətini və bu işlərin daha da genişləndirilməli olduğunu diqqətə çatdırıblar. Buna səbəb isə aşkarlanan bəzi ciddi qayda pozuntularının sayında artımın müşahidə edilməsidir. Məsələn, Masallı rayonunda ötən ilin birinci rübündə sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərin sayı 89 idisə, bu ilin müvafiq dövründə isə 93 nəfər olub. Lənkəranda isə göstərilən müddət ərzində 82 sərxoş sürücü müəyyən edilib. Eyni zamanda ötmə qaydalarının, işıqforun qırmızı işığının tələbini və digər qaydaları pozan sürücülərin sayında da artım müşahidə olunur.

Tədbirlərdə iştirakçıların müraciət və təklifləri dinlənilib, müzakirələr aparılıb, onların çoxsaylı sualları cavablandırılıb.