Dünən saat 18:50-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 18:52-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndində 1 ədəd minanın tapılması barədə məlumatlar daxil olub.
Bu barədə ANAMA-dan verilən məlumata görə, dərhal Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağcabədi Rayon Polis Şöbəsinin əməliyyatçıları dərhal həmin əraziyə göndərilmişdir.
Agentliyin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Qarqar çayının qurumuş yatağına baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 1 ədəd raket (PQ-7) aşkar olunmuşdur. Aşkar olunmuş mina və raketin daşınmasının təhlükəli, havanın isə qaranlıq olması ilə əlaqədar olaraq aşkar olunmuş obyektlər və ərazi mühafizə üçün işarələnərək Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilmişdir. Əməliyyat axtarış tədbirləri 2018-ci ilin 29 aprel tarixində səhər saatlarından davam etdirilmiş, əməliyyat zərurəti ilə əlaqədar olaraq əlavə işçi qüvvəsi cəlb olunmuş, yuxarıda qeyd olunmuş obyektlərdən başqa daha 1 ədəd PQ-7 raketinin motor hissəsi aşkar olunmuşdur. Aşkar olunmuş 2 ədəd raket və 1 ədəd piyada əleyhinə mina partlayış yolu ilə yerində zərərsizləşdirilmişdir.
Aşkar olunmuş mina və raketlərin ətrafında 10 000 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməmişdir.