XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

10 May 2018 - 23:30

Astara dövlət sərhəd buraxılış məntəqəsində qayda dəyişdi-Mayın 10-dan 24 saatlıq iş rejiminə keçib

 

Mayın 10-da Astara Gömrük İdarəsində Azərbaycanın və İranın sərhəd və gömrük orqanlarının rəsmiləri arasında keçirilmiş görüşdə Azərbaycan-İran Hökumətlərarası Komissiyanın 2018-ci il 12-14 mart tarixlərində keçirilmiş 12-ci iclasında Azərbaycan-İran dövlət sərhədində Culfa, Astara və Biləsuvar dövlət sərhəd buraxılış məntəqələrinin mayın 10-dan etibarən 24 saatlıq iş rejiminə keçirilməsi ilə bağlı qəbul edilmiş qərarın icrasını təmin etmək məqsədilə iki ölkə rəsmiləri arasında müzakirələr aparılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə qeyd olunub ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında möhkəm tarixi və mədəni köklər üzərində qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri bütöv regionun inkişafına əhəmiyyətli töhfələr verir.

Beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrinin gerçəkləşdirilməsi, hər iki ölkənin iqtisadiyyatına qarşılıqlı sərmayələrin qoyulması, turizm potensialının genişləndirilməsi, Azərbaycan və İran vətəndaşlarının qarşılıqlı səfərlərinin sayının ildən-ilə artması iki ölkə arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

Bildirilib ki, İranla əməkdaşlıq münasibətlərinin inkişafı məsələlərinə xüsusi diqqət yetirən Prezident İlham Əliyevin tapşırığı əsasında dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi, iqtisadi əlaqələrin və əmtəə mübadiləsinin daha da gücləndirilməsi, turizmin inkişafının sürətləndirilməsi, dövlət sərhədindən hərəkət rejiminin sadələşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Astara sərhəd buraxılış məntəqəsinin 24 saatlıq iş rejiminə keçirilməsi Şimal-Cənub beynəlxalq dəhlizi, Strateji yol xəritəsi və turizmin inkişafı istiqamətində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayacaq.

Diqqətə çatdırılıb ki, bugünkü görüş əlamətdar bir günə – Azərbaycan dövlətçiliyinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə təsadüf edir. Belə bir əlamətdar gündə birgə atılan addımlar iki ölkə arasında qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Sonra Astara sərhəd buraxılış məntəqəsinin mayın 10-dan etibarən 24 saatlıq iş rejiminə keçirilməsi ilə əlaqədar Azərbaycan və İran İslam Respublikasının sərhəd və gömrük orqanlarının rəsmiləri arasında protokol imzalanıb.

Sənədi Azərbaycan tərəfdən sərhəd nümayəndəsi polkovnik-leytenant Azad Abdullayev, İran tərəfdən sərhəd nümayəndəsi Nozər Muradi imzalayıblar.

Görüşdə Dövlət Sərhəd Xidməti Aparatının rəhbəri general-mayor Elçin İbrahimov, Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarəti Baş İdarəsinin rəisi gömrük xidməti general-mayoru Cavad Qasımov iştirak ediblər.