XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

20 Aprel 2015 - 06:45

“Azərbaycan balı ilə camış qaymağını onun özü də yemiş olsa…”

“Narıncı inqilab”ların sponsoru kimi tanınan, milyarder Corc Sorosun maliyyələşdirdiyi Amerika portalı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Avropa Oyunları ərəfəsində otellərdə səhər yeməyinə dair qərarını tənqid edib.
Nyu-Yorkda mənzillənən və Açıq Cəmiyyət İnstitutunun Avrasiya Proqramları tərəfindən idarə olunan EurasiaNet.org saytında nazirliyin otellərdə ancaq Azərbaycan səhər yeməyi verilməli olduğuna dair qərarını “qastronomik azadlıqların məhdudlaşdırılması” kimi qiymətləndirib.
Saytın bu cür dəyərləndirməsinin səbəbi bu günlərdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin jurnalistlərə verdiyi açıqlama olub. Nazir bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bütün otellər müştərilərə ancaq Azərbaycanın milli səhər yeməyini təklif etməlidir.
Ə.Qarayev bu yeməyin “Azerbaijan Breakfast” adı altında patentləşdiriləcəyini, Avropa Oyunları ərəfəsində bir neçə otelin bu səhər yeməyinə keçdiyini, gələcəkdə qaydanın bütün otellər üçün məcburi olacağını deyib. Nazir bunu belə əsaslandırıb ki, qonaqlar Azərbaycanın ənənəvi səhər yeməyini yemək üçün otelləri tərk etməli olurlar.
Otellər isə müştəriləri əldən buraxmamaq üçün bundan sonra öz menyülərinə “Azerbaijan Breakfast”ı daxil edəcək.
Sorosun saytı yazır ki, bu qərarın Bakıda keçiriləcək Avropa Oyunlarında minlərlə idmançını və tamaşaçını yedirtmək üçün verildiyi aydındır. Bu tədbirə qatılacaq qonaqların bütün xərclərini Azərbaycan maliyyələşdirəcək.
“Mətbəx əlbəttə ki, Azərbaycan mədəniyyətini beynəlxalq səviyyədə tanıtmağa hesablanmış bu missiyanın bir hissəsidir. Və səhər yeməyi gün ərzində qida qəbulunun ən mühüm olanıdır. Ancaq “Azerbaijan Breakfast”ın tərkibinə nə daxildir? İdeyanın cəlbedici olmasına baxmayaraq, Mədəniyyət və Turizm Nazirliyi hələ bunu müəyyənləşdirməyib. Dövlət Patent Komitəsi də heç nə bilmir. İddia etmək çətindir ki, “Azerbaijan Breakfast” patentləşdirilməyə layiq olacaq dərəcədə qeyri-adidir. Bir qayda olaraq, bu yeməyə qoyun pendiri, bal, yoqurt, meyvələr, pomidor-yumurta, çörək və çay daxildir. Məzmun regionun digər ölkələrindən fərqlənmir” – deyə sayt yazır.
Sorosun rəhbərlik etdiyi qurumun Azərbaycanın təşkil etdiyi tədbirin yemək menyusu ilə bağlı məsələyə bu cür kölgə salmasında hansı məqsəd güdülə bilər?
Politoloq Qabil Hüseynli sözlərinə görə, bu, ölkənin daxili işinə kobud müdaxilədir: “Biz Sorosun nə istədiyini gözəl bilirik. Onun təşkilatını idmançıların səhər nə yeyəcəyi o qədər də dərindən narahat edə bilməz. Onlar yalnız neqativlikləri görməyə can atırlar. Bizə yönəlik bu siyasət uzun illərdir davam edir. Niyə Sorosun əlaltıları demir ki, dünyada analoqu olmayan bir hadisə Azərbaycanda baş verib?! Bura gələn bütün idmançıların xərcini Azərbaycan hökuməti öz üzərinə götürüb. Qaldı səhər yeməyinə, hər halda Azərbaycan qonaqpərvər bir ölkədir. Biz ən yaxşı yeməyimizi hər zaman qonağa vermişik. Soros narahat olmasın, təbii Azərbaycan balı ilə camış qaymağını onun özü də yemiş olsa, dadı damağından getməz”.

Məhəmmədəli QƏRİBLİ