Suriya Gürcüstanın separatçı bölgələri olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.
Bu haqda Azadlıq Radiosunun gürcü xidməti məlumat yayıb.
Qondarma Abxaziya respublikasının xarici işlər naziri Daur Kove Facebook sosial şəbəkəsində yazıb ki, Suriya separatçı qurumun müstəqilliyini tanıyıb. Abxaziya “prezidenti”nin vebsaytında yerləşdirilmiş məlumatda deyilir ki, “mayın 29-da Abxaziya Respublikası və Suriya Ərəb Respublikası bir-birlərini tanıdıqlarını, səfirliklər səviyyəsində diplomatik münasibətlərin qurulduğunu” elan ediblər. Bu gün Cənubi Osetiya separatçı rejiminin də müstəqilliyinin tanınması haqda informasiya yayılıb. Qondarma respublikanın xarici işlər nazirliyi Suriya ilə qarşılıqlı diplomatik münasibətlərin qurulması haqda kommunike yayıb.
Cənubi Osetiyanın “rəhbəri” Anatoly Bibilov bunu tarixi hadisə adlandırıb, Suriya prezidenti Bəşər Əsədə şəxsən təşəkkür edib. Gürcüstan Suriya ilə diplomatik münasibətləri kəsəcəyini bildirib. Səbəb Dəməşqin Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyini tanımasıdır.
Gürcüstanın xarici işlər naziri Mixeli Canəlidze mayın 29-da tvitində yazıb ki, bu addım “…Rusiyanın manipulyasiya etdiyi Bəşər Əsəd rejiminin beynəlxalq hüququ bir daha kobudcasına pozmasıdır və beynəlxalq ictimaiyyət bunu pisləməlidir”.
Gürcüstanın Xarici İşlər Nazirliyi bəyanatında bildirib ki, Dəməşqlə münasibətlərin kəsilməsi prosedurları başladılıb. Suriyanın SANA dövlət xəbər agentliyi də Dəməşqin Abxaziya və Cənubi Osetiyanı tanımağa razılaşdığını bildirir. Bu addımla “onların Suriyaya terrorçu təcavüzünə qarşı tutduqları mövqenin dəyərləndirildiyi” vurğulanıb. İndiyədək Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini Venesuela, Nikaraqua, Nauru Sakit Okean adası tanıyıb. Abxaziya “prezidenti” Raul Xajimbanın vebsaytında yerləşdirilmiş bəyanatda deyilir ki, Abxaziya, Suriya və Cənubi Osetiya “elçiləri” mayın 28-də Rusiyada görüşüblər, “müvafiq fikir mübadiləsi” aparıblar.
Məlumatda Abxaziya və Suriya rəsmilərinin “qarşılıqlı səfərlər” etdiyi, “sıx münasibətlərin qurulduğu” da vurğulanır.