XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 İyun 2018 - 19:48

Prezident İlham Əliyev:"Biz növbəti illərdə yeni şəhərləri icbari tibbi sığorta sistemi ilə əhatə edəcəyik"

“İnsan sağlamlığı ən vacib məsələlərdən biridir. Azərbaycanda insan sağlamlığını təmin etmək, sağlamlığı qorumaq, profilaktik tədbirlər görmək üçün kompleks işlər aparılır”.

“Report” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev iyunun 5-də Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışından sonra səhiyyə müəssisəsinin kollektivi ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, bu ilin Dövlət İnvestisiya Proqramında 6 şəhər xəstəxanasının açılışı nəzərdə tutulur. Onların sırasında birinci Naftalan xəstəxanasıdır. Ümid edirəm ki, ilin sonuna qədər digər beş şəhərdə də xəstəxanaların açılışı təmin ediləcək. Beləliklə, Azərbaycanın bütün şəhərlərində ən müasir tibb mərkəzləri yaradılmış olur. Bu, bir neçə il bundan əvvəl qarşımıza qoyduğumuz məsələlərdən biri idi. Biz bu məqsədə çatmaq üçün ardıcıllıqla böyük işlər görürük. Əlbəttə ki, bunlar böyük maliyyə vəsaiti tələb edən layihələrdir. Azərbaycan dövləti iqtisadi cəhətdən kifayət qədər güclüdür və gücümüz artır. Sosial məsələlər bizim siyasətimizin əsas prioritetidir. Ona görə imkanımız da, siyasi iradəmiz də, texniki imkanlarımız var. Bütün səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində böyük işlər görülübdür”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda tibbi xidmətin səviyyəsi artır: “Mənim təşəbbüsümlə bir neçə il ərzində artıq kütləvi müayinədənkeçmə proqramı həyata keçirilir. Mən əvvəlki illərdə bu məsələ ilə bağlı fikirlərimi dəfələrlə bildirmişdim, demişdim ki, hər bir vətəndaş ildə heç olmasa bir dəfə gərək tibbi müayinədən keçsin. İndi bunu etmək üçün hər bir rayonda bütün imkanlar var. Dövlət öz dəstəyini göstərərək bu işləri təşkil edir. Bu il keçən ildəki kimi, 5 milyondan çox Azərbaycan vətəndaşı bu imkandan istifadə edib. Müayinə zamanı vətəndaşlarda aşkar olunan xəstəliklər sonra ixtisaslaşmış mərkəzlərdə müalicə edilir. İcbari tibbi sığorta sisteminin tətbiqinə başlanmışdır. Artıq iki şəhərdə bu sistem mövcuddur və biz bu sistemin üstünlüklərini görürük. Biz səhiyyə sistemimizi tədricən bu istiqamətdə inkişaf etdirəcəyik. Biz növbəti illərdə yeni şəhərləri bu sistemlə əhatə edəcəyik”.