XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

27 İyun 2018 - 12:48

“DÇ 2018”:“E” və “F” qruplarından səkkizdəbir finala hansı komandalar yüksələcək?

İyunun 27-də – Rusiyada keçirilən futbol üzrə dünya çempionatının on dördüncü günündə “E” və “F” qruplarında mübarizəyə yekun vurulacaq.

Azərtac xəbər verir ki, “E” qrupunda sonuncu turda Serbiya ilə Braziliya və İsveçrə ilə Kosta-Rika milliləri üz-üzə gələcəklər. “F” qrupunda isə Cənubi Koreya – Almaniya və Meksika – İsveç görüşləri keçiriləcək. “F” qrupunun görüşləri Bakı vaxtı ilə saat 18:00-da, “E” qrupunun oyunları isə saat 22:00-da başlayacaq.

Hazırda hər iki qrupda üç komandanın səkkizdəbir finala yüksəlmək şansı qaldığından bugünkü qarşılaşmaların gərgin idman mübarizəsi şəraitində keçəcəyi şübhə doğurmur. “E” qrupunda Braziliya və İsveçrə millilərinin 4 xalı olsa da, beşqat dünya çempionları top fərqinə görə birincidirlər. Birinci turda bu komandalar arasındakı qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Braziliya ikinci turda Kosta-Rikanı (2:0), İsveçrə isə Serbiyanı (2:0) məğlubiyyətə uğradıb. Serbiya birinci turda Kosta-Rikanı minimal hesabla məğlub etdiyi üçün 3 xalla qrupdan çıxmaq şansını saxlayır.

“F” qrupunda da komandalar səkkizdəbir finala yüksəlmək üçün ciddi mübarizə aparacaqlar. İlk iki turda Almaniyaya (1:0) və Cənubi Koreyaya (2:1) qalib gəlməsinə baxmayaraq, Meksika millisi səkkizdəbir finala vəsiqəni tam təmin etməyib. Birinci turda Cənubi Koreyanı 1:0 hesabı ilə məğlubiyyətə uğradan İsveç yığması Almaniyaya uduzmasına baxmayaraq (1:2), Meksika millisini məğlub edəcəyi təqdirdə səkkizdəbir finala yüksələ biləcək. Üç xalla qrupda ikinci olan Almaniya yığması isə səkkizdəbir finala vəsiqəni təmin etmək üçün Cənubi Koreya yığmasına qalib gəlməyə çalışacaq. İsveç Meksikaya, Almaniya isə Cənubi Koreyaya qalib gələcəyi təqdirdə qrupda üç komandanın 6 xalı olacaq və qalib top fərqinə görə müəyyənləşəcək.

FIFA-nın qaydalarına görə, əgər qrupda iki komandanın xalları və top fərqi eyni olarsa, bu zaman rəqib qapılarına daha çox qol vuran komandaya üstünlük verilir. Əgər bu göstərici də eyni olarsa, o zaman həmin komandalar arasındakı oyunun nəticəsi əsas götürülür. Komandaların qarşılaşması da heç-heçə başa çatıbsa, onda üstünlük “Fair play” göstəricilərinə əsasən daha yaxşı vəziyyətdə olan komandaya verilir.

Cənubi Koreya – Almaniya (18:00) və İsveçrə – Kosta-Rika (22:00) görüşləri Azərbaycan Televiziyasında təqdim olunacaq. Meksika – İsveç (18:00) və Serbiya – Braziliya görüşləri isə İdman Azərbaycan və İctimai Televiziyada yayımlanacaq.