XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

17 İyul 2018 - 21:12

“Cavab qarşılaşması həddindən artıq çətin və maraqlı olacaq” –Qurban Qurbanov

“İlk oyunda qalib gəlməyimizə baxmayaraq, çətin rəqibə qarşı oynayırdıq. Cavab qarşılaşması həddindən artıq çətin və maraqlı olacaq”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” komandası ilə Bakıda keçiriləcək cavab matçından əvvəl təşkil edilən mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– İlk matçla müqayisədə dəyişiklik ola bilər?

– Dəyişiklik ola bilər. Lakin mövqelər üzrə ciddi dəyişikliklərin olacağını düşünmürəm.

– İslandiya yığmasının qapıçısı Hannes Halldorssonun meydana buraxacaqsınız?– Onun meydana çıxmaq ehtimalı azdır. Amma “18-lik”də olacaq.

– Macarıstanlı futbolçunun “Qarabağ”a keçəcəyi deyilir. Nə dərəcədə doğrudur?

– Hücumçu məsələsi son illərin ən çox verilən sualıdır. Hər zaman axtarışda olmuşuq. Dediyiniz futbolçu bizim transfer siyahımızda yoxdur. Ola bilər ki, əvvəllər olub. Axtarışlarımız davam edir.

– Avrokuboklarda 80-ci oyununuza çıxacaqsınız. Geridə qalan 79 görüşdən hansı sizin üçün daha çox yaddaqalan olub?

– 80-ci oyunu düşünmürəm. Mənim üçün önəmli olan ilk mərhələni keçməkdir. “Olimpiya” da güclü rəqibdir. Səfərdə qalib gəlsək də, bizim üçün asan olmadı. Hər oyuna fərqli taktika ilə çıxa, sürpriz edə bilərlər. Yadda qalan oyun yox, oyunlar olub. Bəlkə, hamının fikrində “Kopenhagen”lə səfər oyunumuz var. “Qarabağ”a ölkədə ilk sevgi və inam “Rusenborq”la görüşdən sonra oldu. Həmin vaxt meydanda 10 yerli futbolçu var idi. Həmin matç futbolçu və rəhbərliyə inam verdi. Yadda qalan məğlub olduğumuz görüşlər də var.

– Ötən mövsüm “Qarabağ”da dayaq yarımmüdafiəsində problem yox idi. Lakin Riçard Almeyda və Rahid Əmirquliyev getdi. Qara Qarayev cəzalıdır. Yalnız Coşqun Diniyev qalıb. O, zədələnsə, necə olacaq?

– Yaxşı tərəfləri düşünək. Məşqçinin əlində futbolçu az olanda, qərar qəbul etmək daha asan olur.

– Riçard Almeydanın hələ qışda “Astana” ilə danışıq apardığı deyilir. Bunu hiss etmişdiniz?

– Bu cür söhbətlər onun oyununa təsir etmirdi. Hətta mövsümün başa çatmasına bir neçə gün qalmış qalmayacağın hiss etmişdim. Çünki təklifləri vardı. Biz də pis təklif irəli sürməmişdik. Amma digər variantı seçdi.

– Roman Qriqorçuk “Astana”nın baş məşqçisi olandan sonra “Qəbələ”dən tanıdıqlarını deyil, “Qarabağ”ın futbolçularını yanına apardı. Bu sizi sevindirir, yoxsa narahat edir?

– Təcrübə onu göstərir ki, belə şeylərə az önəm vermək lazımdır. Müasir futbolda çox şeylər olur. Kim istəməz ki, “Barselona”ya getməsin. Sevindirici haldır ki, futbolçularımıza dəyər verirlər. Bu, klub olaraq bizi sevindirir. Narahatlıq yoxdur. Biz də başqa klublardan oyunçu götürürük.

– II təsnifat mərhələsində hansı komandanı istərdiniz?

– Açığı, bu sualın mənə verilməsini istəməzdim. Hər bir oyundan qabaq məndə narahatlıq olur. Öz oyunumu həll etməmiş rəqib haqqında düşünmürəm. Bunu heç futbolçularıma da rəva bilmirəm. Rəqibin gücünü səfərdə gördük. Onların iddialı açıqlamalarını gördük. Bu, onların istəyindən xəbər verir.