XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

18 İyul 2018 - 22:16

Direktor:“ANAMA-nın 20 illik fəaliyyəti ərzində 796 923 ədəd mina və PHS zərərsizləşdirilib”

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə ANAMA-nın əməkdaşlıq etdiyi bir sıra hökumət qurumları, xarici ölkələrin Azərbaycanda akkreditasiya olunmuş səfirləri, hərbi attaşelər, beynəlxalq təşkilatların nümayəndələri və yüksək rütbəli xarici qonaqlar iştirak ediblər.

ANAMA-nın direktoru Qəzənfər Əhmədov deyib ki, Agentliyin 20 illik fəaliyyəti ərzində 529 091 352 kv.m (52 909.13 ha) ərazi təmizlənib, 796 923 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.

Direktorun sözlərinə görə, 1998-ci il 18 iyulda ANAMA-nın yaradılması Azərbaycanda mina və PHS probleminin həlli istiqamətində atılan ilk addım olub: “Hazırda ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə – minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, regional bazalara, təlim mərkəzlərinə, təlim, tədqiqat və keyfiyyətin təminatı qurumuna, xüsusi əməliyyat və çevik əməliyyat qruplarına malikdir. O cümlədən, ANAMA-nın Mina Təhlükəsinə dair Maarifləndirmə və Minadan Zərərçəkənlərə Yardım sahələrində də kifayət qədər təcrübəsi var və hər iki sahə üzrə layihələr bu gün də uğurla həyata keçirilir”.

Azərbaycan Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov bildirib ki, ANAMA fəaliyyətə başladığı dövrdən bir çox beynəlxalq təşkilatla, eləcə də ayrı-ayrı dövlətlərin müvafiq strukturları ilə səmərəli əməkdaşlıq qurub, qarşılıqlı təcrübə mübadiləsi aparıb.

Azərbaycan prezidentinin köməkçisi qeyd edib ki, Agentliyin yalnız Azərbaycan ərazisində deyil, başqa dövlətlərin ərazilərində də əməliyyatlara cəlb edilməsi onun əməkdaşlarının yüksək peşəkarlığının göstəricisidir.

Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, İordaniya şahzadəsi, Minalardan Təmizlənmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsinin sədri Mired Raad Al-Hüsseyni də çıxış ediblər.

Tədbirin sonunda ANAMA barədə video-çarx nümayiş olunub.