XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 İyul 2018 - 12:10

Almaniya və Rusiyanın ekspert qrupu Mingəçevirdəki qəzanı araşdırır-İlkin rəy Dövlət Komissiyasına təqdim olunub

“Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılmış Dövlət Komissiyasına verilmiş tapşırıqlara uyğun olaraq, Energetika Nazirliyi elektroenergetika sisteminin dayanıqlığının təmin edilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qəzanın səbəblərinin müəyyən edilməsi və fəsadlarının aradan qaldırılması məqsədilə Almaniya və Rusiyanın ixtisaslaşmış şirkətlərindən dəvət olunmuş ekspert qrupu ilə birgə araşdırmalar aparılıb.

Araşdırmaların ilkin nəticələri və “Azərbaycan” İES-in 330 kV-luq yarımstansiyasında aparılan təhlillər nazirlikdə müzakirə edilib. “Azərbaycan” İES və Mingəçevir-Abşeron xəttində qəza halları zamanı sistemin etibarlılığı və dayanıqlığının təmin edilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər müəyyənləşdirilib. Həmin tədbirlərin həyata keçirilməsi ilə bağlı “Azərenerji” ASC-yə tapşırıqlar verilib. Eyni zamanda, xarici ekspert qrupunun ilkin rəyi və həyata keçiriləcək tədbirlər barədə məlumatlar Dövlət Komissiyasına təqdim olunub.

Bundan başqa, Dövlət Komissiyasına verilmiş digər tapşırığa əsasən strateji və dövlət əhəmiyyətli obyektlərin generatorlarla təminatı ilə bağlı araşdırmalar aparılır və müvafiq təkliflər hazırlanır.