Fövqəladə Hallar Nazirliyi şimal bölgəsində baş verən yanğınla bağlı məlumat yayıb.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Qonaqkənd və İsnov kəndləri, Siyəzən rayonunun Ərziküş və Köhnə Quşçu kəndləri, Şabran rayonunun Zöhrabkənd kəndi yaxınlığında meşəətrafı ərazilərdə yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunub.
İlkin məlumata görə, Quba rayonu ərazisində yanğınlar məhdudlaşdırılıb.
Yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğınsöndürmə işləri mürəkkəb reylefli yüksək dağ massivində aparılır. Əlavə məlumat veriləcək.