XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 April 2015 - 04:37

“Artur Rəsizadə başda olmaqla Nazirlər Kabineti təcili istefaya GETMƏLİDİR” –BƏYANAT

Artur.jpg

Vətəndaş və İnkişaf Partiyası Azərbaycan hakimiyyətinin təcili iqtisadi islahatlar keçirməsi və ya hökumətin istefa verib, yeni islahatçı hökumətlə əvəz olunması təklifi ilə çıxış edib.

Strateq.az-ın məlumatına görə, partiyanın sədri Əli Əliyev bu barədə yaydığı açıqlamada bildirib ki, son dövrlər iqtisadi müstəvidə baş verən hadisələr ölkənin sosial müvazinətinə təsir göstərməyə başlayıb. Büdcənin neft gəlirlərindən əhəmiyyətli dərəcədə asılılığı vətəndaşların gündəlik həyatında özünü göstərməkdədir. Xüsusilə manatın devalvasiyasından sonra yaranmış yeni situasiya insanların psixoloji gərginliyinə səbəb olub. Real olaraq, bir sıra sahələrdə çoxsaylı ixtisarlar, hətta özəl sektorda işlərin zəifləməsi əhalinin bir hissəsinin məişətinə ciddi təsir göstərir: “Enerji sektorundan kənar xarici iqtisadi əlaqələrdə Rusiya Federasiyasının çəkisinin yüksək olması da bazara öz mənfi çalarını əlavə edib. Son bir ildə orada baş verənlər də ölkəyə valyuta axınına azalma formasında qatqısını verib, biznesi sıradan çıxmış soydaşlarımızın ölkəyə qayıdışı müşahidə edilir. Xeyli sayda insanın çalışdığı Binə və Sədərək topdansatış bazarındakı durğunluq da RF-də cərəyan edən iqtisadi sarsıntılarla əlaqəlidir.

Devalvasiyadan sonra idxaldan asılı olan dövlət kimi idxal məhsullarında manatın ucuzlaşma faizinə uyğun qiymət artımı gözləniləndir. Düzdür, sızan məlumatlardan aydın olur ki, bazar qaydalarına zidd olaraq, hələlik adekvat qiymət artımının qarşısı süni şəkildə alınır. Bir çoxları bu qeyri-real addımın Avropa oyunlarına qədər effektli olacağı qənaətindədir. Deməli, əhali bu məntiqli bədbin perspektivlə də üz-üzədir.

Xeyli gərginlik maliyyə bazarında da hökm sürür. Alınmış valyuta kreditləri əhalinin əhəmiyyətli hissəsinin maraqlarına ziyan vurub. İnsanlar yeni faiz dərəcələrini ödəməkdə hiss olunacaq dərəcədə yükləniblər”.

VİP sədri partiya adından yaydığı açıqlamada qeyd edir ki, belə şəraitdə ölkədə kriminogen durumun dəyişəcəyini proqnozlaşdırmaq çətin deyil: “Artıq yayılan məlumatlar sırasında ərzaq oğurluğu, soyğunçuluq və bu kimi xırda məişət cinayətləri ilə bağlı xəbərlər intensivləşməkdədir. Bu kateqoriya hüquqpozmalar içərisində qadınların ərzaq oğurluğu ilə bağlı saxlanması halları sosial vəziyyətin necə dəyişməsi barədə düşünməyə əsas verir”.

Odur ki, VİP hesab edir ki, hökumət təcili iqtisadi islahatlara qərar verməlidir. İqtisadiyyatda struktur dəyişikliyinə qərar verilməli, bir sıra iqtisadi yeniliklərə gedilməlidir: “İlk növbədə büdcədə neft gəlirlərinin payının azaldılması istiqamətində addımlar atılmalıdır. ölkədən valyuta axınını azaltmaq üçün sənayenin inkişafına, bazarın liberallaşdırılmasına, gömrük və vergi qanunvericiliyinə yenidən baxılmasına zərurət vardır. İllər uzunudur VİP olaraq ölkədə kölgə iqtisadiyyatına son verilməsi üçün maliyyə amnistiyasının qəbul edilməsi təklifi ilə çıxış edirik. Dövləti içəridən sümürən oliqarxiyanı leqallaşdırmaq, eyni zamanda onların büdcə vəsaitlərinə sərəncam hüquqlarına qadağa qoymaq lazımdır. Onların idarəçilik təcrübəsini nəzərə alaraq, özəl sektorun inkişafına cəlb olunmaları ilə bağlı qanunverici səviyyədə hüquqi aktlar qəbul edilməlidir.

Bank sistemi əhalinin və biznesin maraqlarına uyğun qurulmalıdır. Banklardan verilən biznes kreditləri 30%-dən 3-5%-ə endirilməlidir. Misal üçün Kanadada belə kreditlər iş dünyasına 2%, ABŞ-da 1.5-4% arası verilir. Təbii ki, illik 30% kredit alan iş adamının effektivlik göstəriciləri aşağı olacaq.

Bir sözlə, hökumət yaranmış situasiyaya uyğun addımlar atmalıdır. Hətta hesab edirik ki, mövcud statik, yorulmuş hökuməti istefaya göndərib, daha fəal, konstruktiv və şəraitə uyğun hökumət formalaşdırılmalıdır. Deyilənlər yalnız təklifdir”.

VİP sədri sonda vurğulayıb ki, vəziyyətin necəliyinə məsuliyyəti daşıyan da iqtidarın özüdür.