XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

23 Aprel 2015 - 09:39

Bakıda Şəki törəni

Bakıda Şəkinin qədim və çağdaş incəsənəti ilə bağlı möhtəşəm törən keçirildi

Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra, addım-addım bu istiqamətdə öz suverenliyini gücləndirməkdə və bununla yanaşı, son iki yüzillik tarixi prosesin demək olar ki, yeni renossans mərhələsinə qədəm qoymaqdadır. Azərbaycanımız sadəcə qara qızılı, digər zəngin təbii sərvətləri ilə deyil, həm də ulu keçmişinin mirası kimi güclü mədəni irsi ilə də dünyada tanınmaqdadır. Artıq ölkəmizin adı, onun mədəniyyəti və milli sənətkarlığı dünyanın bir çox festivallarında, sərgi salonlarında, möhtəşəm teatr və konsert salonlarında duyulmaqdadır. ölkəmizdə regionların inkişafı prosesində iqtisadi və sosial sahələrdə əldə olunan bir çox uğurlarla yanaşı, milli mədəniyyətmizlə bağlı qələbələrə də imza atılmışdır. Artıq bu sahənin inkişafı yönündə görülən işlərlə ən sadə vətəndaşlar belə, tanış olur və bütün bunlardan qürur duyurlar.

Təbii olaraq, bütün bunların sırasında Şəki şəhərində və onun ətraf kəndlərində milli mədəniyyətimizin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində xeyli uğurlar da özünü göstərməkdədir. Dekorativ Xalq Tətbiqi Sənətkarlığının ənənəvi milli-mədəni irs kimi inkişaf etməsi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində belə tanınmaqdadır. Təkəlulduz, şəbəkə, xalçaçılıq, kələyağı, ipəkçilik, bədii tikmə, ağac, metal və sümük üzərində bədii oyma, milli geyimlər, nəqqaçlıq, xəttatlıq, misgərlik, çini qablar, milli musiqi alətlərinin hazırlanması və digər sahələrdə ortaya qoyulan Şəki ustalarının yaratdıqları sənət əsərləri bu gün Azərbaycandakı bütün muzeylərdə əsil milli sərvətimiz kimi tamaşaçıların və sənətsevərlərin böyük marağına səbəb olmuşdur. Bununla yanaşı, Şəki sənətkarlarının əsərləri dünyanın bir çox şəxsi kolleksiyalarında və muzeylərinin ekspozisiyalarında da nümayiş etdirilir.

Aprel ayının 21-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Bölgələrdən paytaxta” adlı layihəsi əsasında Bakıda paytaxt sakinləri növbəti tədbir kimi Şəkinin mədəni irsi ilə tanış olublar. Tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Şəki Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında reallaşıb. Qonaqlar layihə çərçivəsində bölgənin mətbəxi, yerli xalq sənətkarlarının təkəlduz, şəbəkə, misgərlik, ipəkçilik, xalçaçılıq nümunələri, musiqi alətləri və digər əl işləri, Şəkidə yaşayıb-yaradan yazarların əsərləri, rayonda fəaliyyət göstərən istehsal müəssisələrinin məhsulları, turizm imkanları və s. əks etdirən sərgi və stendlərlə tanış olublar.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, bu yeni layihənin məqsədi Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini, regionların adət-ənənələrini, mətbəx nümunələrini, sosial-iqtisadi inkişafını, sənət ustalarının əl işlərini, regionlarda fəaliyyət göstərən bədii kollektivlərin və incəsənət ustalarının çıxışlarını nümayiş etdirmək və bölgənin turizm imkanlarını təbliğ etməkdir. Nazir müavini deyib ki, bölgələrdə inşa edilən yeni və müasir mədəniyyət ocaqları mədəni səviyyənin yüksəlməsinə təkan verir. Qeyd olunub ki, qədim və zəngin mədəniyyətə, füsunkar təbiətə, qonaqpərvərliyə, dadlı mətbəxə malik Şəki buraya gələn qonaqları heyrətləndirir. ölkəmizin mədəniyyət mərkəzlərindən birinə çevrilən Şəki “İpək Yolu” musiqi festivalı kimi beynəlxalq tədbirə ev sahibliyi edir.

Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qədim və zəngin Şəkinin Azərbaycanın tarixinə və mədəniyyətinə verdiyi töhfələrdən danışıb. O, bildirib ki, ölkə başçısı İlham Əliyev cənablarının Şəkiyə göstərdiyi diqqət və qayğısı nəticəsində bölgədə yenidənqurma işləri aparılır və bu zaman milli memarlıq üslubu qorunub saxlanılır. Həmçinin qeyd edib ki, Şəki turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdəndir.
Tədbirdə qarşılıqlı hədiyyələr təqdim olunub. Sonra Şəkinin sosial-iqtisadi inkişafından, müasir tərəqqisindən, turizm imkanlarından, zəngin mədəniyyətindən bəhs edən videoçarx nümayiş olunub, bu yurdun yetirməsi olan görkəmli simalar haqqında da məlumat verilib. Həmçinin, əslən şəkili olan kinorejissor, xalq artisti Rasim Ocaqovun çəkdiyi filmlərdən fraqmentlər göstərilib. Tədbirdə Şəki şəhər mədəniyyət və turizm idarəsinin “Zirvə” xalq instrumental ansamblının müşayiəti ilə təqdim edilən konsert proqramı böyük maraqla qarşılanıb. Konsertdə əslən Şəkidən olan görkəmli bəstəkarların əsərlərinə üstünlük verilib.

Yaşar Əbdürrəhimov