XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

23 Aprel 2015 - 12:57

Araz Ağalarov: “Mən başa düşdüm ki, hər şey radikal olaraq dəyişəcək”
Məşhur azərbaycanlı iş adamı, “Crocus Group” şirkətinin sahibi Araz Ağalarov “RBC Daily” işgüzar xəbər agentliyi üçün xüsusi məqalə yazıb..
Strateq.az Virtualaz.org-a istinadən həmin məqalənin tərcüməsini təqdim edir:
***
“Eyni vaxtda hər şeyin alverini edirdim”
Yenidənqurma başlayanda mən aspiranturada oxuyurdum. Mən bu azadlığı öz ətrafımda birdən necə hiss etdim, bu konkret məqam yadımda deyil.
Ancaq yadıma gəlir ki, biz məhdud çevrədə dostlarla oturmuşduq, birdən mən dedim ki, dünən qanunsuz olan hər şey sabah qanuni olacaq. Leqal yolla pul qazanmaq imkanı yaranacaq.
Heç kim mənim nə haqda danışdığımı başa düşmədi. Hər kəsin 300 dollara görə 5 il həbs yatan dostu-tanışı, yaxud kiməsə nəsə satdığı üçün 10 il alan qohumu var idi. Xırda səviyyədə isə bu işlə praktiki olaraq hamı məşğul olurdu.
özümə iki cins aldım — birini satdım. Əgər sən yaxşı görünmək istəyirsənsə, gərək necəsə fırladasan.
Mən başa düşdüm ki, hər şey radikal olaraq dəyişəcək. Yeni istiqamətlər meydana çıxdı, orada sən lazım bildiyini edə bilərdin, azad rəssam olardın. Bu, yenidənqurmanın əsas nailiyyəti idi. Əvvəllər isə hər şey çox sərt idi: sən ya alimsən, ya incəsənət xadimisən, ya partiya funksionerisən…
Mənim partiya xadimi olan çoxlu tanışlarım var idi, mən həmkarlar komitəsinin sədri işləmişdim. Ancaq bütün bunlar mənə ağırlıq edirdi. Karyeranın davamına dair bütün variantlar, o cümlədən elmi-tədqiqat institutunda işləmək və ya doktorluq dissertasiyası yazmaq — bunların hamısını qulaqardına vururdum.
Bizneslə 1988-ci ildə məşğul olmağa başladım. Biz ilk kooperativə “Şafran” adını qoyduq. Sonralar bunu ingilis dilinə çevirdik, “Crocus” alındı. O vaxtlar bütün kooperativlər alqı-satqı ilə məşğul olurdu, başqa fəaliyyət demək olar ki, yox idi. Biz eyni vaxtda hər şeyin alverini edirdik. Mağazaların piştaxtaları boş idi. Böyük qastranomda ancaq üç litrlik balonda pomidor turşusu, küknar şirəsi və “Borjomi” tipli mineral su satılırdı, vəssalam.
Biz isə Azərbaycandan ərik, yemiş, nar, qarpız gətirirdik. Mənim orada tanışlarım var idi. 10 tonluq maşın gəlirdi, biz onu “Novıy çeremuşki”də 10 universama boşaldırdıq və sonra sadəcə olaraq pulları yığırdıq.
Təyyarələrlə Moskvaya təzə göy-göyərti göndərirdilər. İnsanlar səhərlər yığıb təyyarəyə yükləyirdilər, gələn kimi birbaşa aeroportdan bazarlara gedirdi.
Sonra kompüterlər çıxdı və biz texnika alverinə başladıq. Qazandığımız pul hər şeyə bəs edirdi. Hətta qapı cəftələri də satırdıq. Moskvada onları yük maşınları ilə dolu alırdılar. Neçə yük maşını cəftə gətirsən, hamısını alırdılar. Təsadüfən məlum oldu ki, “matryoşka”lara, malaya, yaylıqlara da tələbat var. Biz bütün bunların hamısını alıb satırdıq, qismən dyuti-fridə. Yeri gəlmişkən, bu istiqamətdən böyük biznes alındı.
“Bu plaşlardan milyon ədəd satdım”
Sonra aydın oldu ki, prioritet istiqamətləri müəyyən etmək lazımdır. Biz sərgi biznesinə və ayaqqabı satışına diqqəti yönəltdik. SSRİ-də bu seqmentlərlə bağlı həmişə problem olurdu və həmin dövrlərdən bizim çində etibarlı tərəfdaşlarımız var idi.
Biz bütün SSRİ ərazisində eşelonlarla ayaqqabı satırdıq, hər konteyner uğrunda müharibə gedirdi ki, o, alverçilərdən kimə qismət olacaq.
Elə həmin vaxtlar mən özüm yüngül plaş layihələşdirdim, onu “Al Kapone” adlandırdım. Plaş elə idi ki, istəsən özün daşı. Bu plaşlardan mən milyon ədəd satdım, hərçənd ki, ancaq qara rəngli modeli var idi.
Deməzdim ki, həmin dövrlər insanların çoxu biznesə yönəldi. Bir çoxları 1990-cı ildə hələ inanırdılar ki, hər şeyi geri döndərmək mümkün olacaq. Bəli, kooperativlərin sayı getdikcə artırdı, ancaq əslində heç kimdə pul yox idi, hər şey çox ağır gedirdi.
Bina tapmaq mümkün olmurdu, qeydiyyatdan keçmək çətin idi. Əksəriyyət alverə müvəqqəti qazanc mənbəyi kimi baxırdı. Heç kim elmi-tədqiqat institundakı direktor kürsüsünü tərk edib kooperativə getmək istəmirdi. Yeri gəlmişkən, ilk kooperativ dalğasının adamları harasa yox olub getdilər.
Şəxsən mənə biznesdə sovet tərbiyəsi mane olurdu. Nəyisə düzgün imzalamasan və anlamasan, “acgöz kapitalistlər”( biz onları belə adlandırırdıq) sənin bütün şirəni çıxaracaqlar. Onlar belə də deyirlər: “Biznes-biznesdir, şəxsi münasibətdən söhbət gedə bilməz”.
Sovet dövrünün adamları elə tərbiyə almışdılar ki, əgər sən nəyisə düzgün imzalamasan və ya anlaşmasan, onlar səni əzməyə qalxmayacaqlar. Və ya tutaq ki, kimisə işə götürüblər, o isə işin öhdəsindən gəlmir. İşdən azad etmək yaxşı deyil, çoxdan işləyir, ailəsi var… Bütün bunlar ciddi sahibkarlıq çərçivəsində mümkün deyildi.
Bununla belə sovet təhsili real kömək edirdi, çünki kifayət qədər əsaslı və fundamental təhsil idi. Mən aspiranturada çox işləməyi öyrəndim. Demək olar ki, bizə köhnə nəzəriyyələri öyrədirdilər, ancaq bu biliklər də işə yarayırdı. Aydın məsələdir, bizə deyirdilər ki, ancaq Marks haqlıdır. Ancaq iqtisadiyyat iqtisadiyyatdır — tələb və təklifi biz gözəl başa düşürdük. Hamı və o saat başa düşmürdü ki, yenidənqurma hər şeyi dəyişəcək, qeyri-leqal olan leqallaşacaq.
Məmurlarla təmas qurmağım lazım gəlirdi. Onların arasında bir-birinə diametral zidd tendensiyalar var idi.
1991-ci ildə Prezident Administrasiyasının rəhbəri Yuri Petrovun qəbuluna getdim. Onun sahibkarlarla görüş proqramı vardı. Yeltsinin proqram xarakterli ilk çıxışını Petrov yazmışdı. Kimsə məni ona məsləhətləşmək üçün tövsiyə edibmiş. Petrovla bir neçə dəfə görüşdük. O, dediklərimin hamısını bloknota yazdı. Sonradan isə gördüm ki, Yeltsinin nitqində bizi söhbətimizdə danışılanlardan götürülmüş bütöv abzaslar var.
Pyotr Avenin qəbuluna da o zaman getdim. Aven o zaman xarici iqtisadi əlaqələr naziri idi. Petrovla danışanda o dedi: “Avenin yanına gedin. Xarici iqtisadi əlaqələrin liberallaşdırılması barədə qətnaməni o yazır. Sizin də fikrinizi dinləmək ona maraqlı olar”.
Mən getdim. Pyotr Aven nəhəng kabinetdə oturmuşdu. Orada iki abzas yazılmışdı. Mənası da belə idi ki, hər kəsə hər şeyə görə icazə verilməlidir. Mən dedim: “Əgər hamıya hər şeyi etməyə icazə verilsə, onda Qırmızı meydanda pomidor da satacaqlar. Tənzimlənmə olmalıdır, nəzarət olmalıdır. çörək sabah bugünkü 20 qəpikdən sıçrayıb 100 rubl ola bilər”.
Mən heç də razı olmadığımı deyib getdim.
Daha sonra məni RSFSR Nazirlər Sovetinin sədri İvan Silayevin (sonradan Dövlətlərarası İqtisadi Komitənin sədri) yanına göndərdilər. Silayev dedi: “Bizdə özəlləşdirmə olacaq. Hansısa ideyan varmı?”
Dedim ki, mənə elə gəlir bu özəlləşdirmə xalqın əleyhinə bir şey olacaq. Zavodu özəlləşdirən şəxs kimliyindən asılı olmayaraq işçi personalın 90 faizini işdən qovacaq. Xalq etirazları başlayacaq. Sizə mülkiyyətçi lazımdır, pul yox. Müəssisəni belə qiymətləndirin: bu, orada işləyənlərin 5 illik maaşıdır. Alıcı bu pulları xəzinəsinə köçürür, sizin də əlinizdə ixtisara salınacaq işçilərə verməyə zəmanətli pensiya fondu olur. Onda adamlar hökuməti daşa basmazlar.
Bu ideya sonradan məlum olduğu kimi, bir mərtəbə aşağıdan oturan Mixail Xodorkovski ilə səhərisi gün müzakirə ediləndə Silayev məni yenə çağırdı. Onda Xodorkovski ilə bir balaca mübahisə etdik. Xodorkovski deyirdi ki, sənin sxeminə əsaslansaq, onda bütün ölkəni satın almaq olar, çünki çox ucuzdur. Ona dedim elə müəssisə var ki, orada 10 mindən 50 minə qədər adam işləyir. Bu da böyük pul deməkdir. Əgər yeni sahibkar, mülkiyyətçi müəssisəni girov auksionu yolu ilə almasa, pulu mən deyən sxem üzrə ödəsə, bu, fəhlələrdə, işçilərdə heç bir narazılıq doğurmayacaq. Amma bu ideyam qəbul edilmədi.
Yenidənqurmanı başqa cür həyata keçirmək lazım idi. çünki yenidənqurma xəttini elan etdilər, bir dalğa başlatdılar, real dəyişikliklər isə olmadı. Kommunist Partiyası möhkəm qorxurdu. Partiya başa düşürdü ki, nəsə etmək lazımdır. Amma məhz nə? Bu haqda təsəvvür belə yox idi. Kommunizm ideyasını şəxsi mülkiyyətlə necə bir yerə sığışdırmaq olardı? Belə bir sual qarşısında qalmışdılar. Bunu çözə bilmirdilər.
özəlləşdirmə prosesini kənd təsərrüfatı, yüngül sənaye və iaşə xidməti sektorundan başlamaq lazım idi. Onda 1991-ci il tənəzzülündən və iflasından qaçmaq olardı. Əgər SSRİ dağılmasaydı, hətta daha çoxuna nail olmaq mümkün olardı. Əgər ağır sənaye, neft-qaz sektoru dövlət mülkiyyətində saxlansaydı, iqtisadiyyatın bu sahələri yenə də planlı şəkildə idarə olunsaydı, daha çox şey əldə etmək olardı. Axı dövlət bu sahələri daha yaxşı idarə etməyi bacarır, bunun öhdəsindən gəlirdi. Elə bir dayaq yaratmaq olardı ki, şəxsi mülkiyyət də onun ətrafında formalaşsın.
çoxu belə hesab edir ki, SSRİ-nin dağılması obyektiv zərurət idi. Mən isə bununla razı deyiləm. Aydın görünən budur ki, SSRİ-ni qoruyub saxlamaq mümkün idi. SSRİ-dən ayrılan respublikalar da nəyə görə ayrıldıqlarını və bundan sonra nə etməli olduqlarını heç dərinliyinə qədər anlamırdılar. Bu parçalanma süni bir şey idi. Qorbaçov hakimiyyət başında olsa da qətiyyəti çatmırdı. O, özünü bütün dünyaya liberal lider kimi göstərmək istəyirdi, amma hansı tərəfə getmək lazım olduğunu anlaya bilmirdi. Dövlət öz idarəçilik sistemini itirməzdən qabaq hərəkət etmək, iş görmək lazım idi. Onda 1991-ci ildəki fəlakət də baş verməzdi…