Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 442 147 şagird təhsil alacaq.
Strateq.az adıçəkilən idarəyə istinadən xəbər verir ki, Bakıda ümumi təhsil məktəblərinin I sinfində 47 000-dən çox, IX sinfində 30 139, X sinfində 21 102, XI sinfində 20 379, XII sinfində 690 şagird oxuyacaq:
“Bakıda 263 ümumi təhsil müəssisəsində 940 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 17 500-dən çox ərizənin onlayn qeydiyyatı (06.09.2018-ci il tarixinə saat 11:00-a olan məlumata əsasən) aparılıb. 2018-2019-cu tədris ilində 5 yaşlıların 75 faizi məktəbəhazırlığa cəlb ediləcək.
Avqustun 6-na (saat 11:00) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 46 420 sorğu yerləşdirilib. Onlardan 43 827-si ümumi təhsil məktəblərini, 2 593-ü isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun, təxminən, 98 faizinə yaxındır”.
Məlumatda o da bildirilib ki, paytaxtın ümumi təhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir. 2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 13 məktəbdə əsaslı təmir işləri aparılıb: “Bundan əlavə, mövcud olan 2 məktəb binasının və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin (ümumilikdə 4 məktəb) inşası başa çatıb. Eləcə də 1 məktəbin qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi həyata keçirilib. Həmçinin, 1 məktəb üçün 1416 şagird yerlik yeni binanın tikintisi və 25 məktəbdə cari təmir və mühəndis kommunikasiya işləri aparılıb.
Ümumi təhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu işlər ümumilikdə, tədris alanların təhsil şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Təhsil nazirinin əmrinə əsasən, ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunacaq.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir”.