XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

15 Sentyabr 2018 - 17:47

İngiltərə Premyer Liqası:“Liverpul” səfərdə “Tottenhem” klubunu məğlub edərək ardıcıl beşinci qələbəsini qazanıb

Sentyabrın 15-də İngiltərə Premyer Liqasının 5-ci turuna start verilib.

AZƏRTAC xəbər verir ki, “Uembli” stadionunda keçirilən turun açılış matçında “Tottenhem” klubu “Liverpul” komandasını qəbul edib.

Oyunda ilk təhlükəli vəziyyəti qonaqlar yaradıblar. Milnerin cinah ötürməsindən sonra Sadio Mane bir toxunuşla topu qapıdan keçirsə də, yan hakimin bayrağı havaya qalxdığından oyundankənar vəziyyət qeydə alınıb. Qarşılaşmanın 5-ci dəqiqəsində yenidən “Liverpul” klubunun seneqallı hücumçusu Sadio Manenin diqqət mərkəzində olub. Londonluların qapıçısı Miçel Vorm ilə təkbətək qalan Mane fürsəti əldən verib. Matçın 20-ci dəqiqəsində Məhəmməd Salah iki mərkəz müdafiəçisini arxada qoyaraq qapıya qüvvətli zərbə vurub. Amma qapıçı yenidən inamlı oyun nümayiş etdirib. Yurqen Klopun yetirmələrinin kəskin hücumları oyunun 39-cu dəqiqəsində öz bəhrəsini verib. Belə ki, Milnerin künc ötürməsini qapıçı uzaqlaşdırsa da, Jorjinyo Vijnaldum dəqiq baş zərbəsi ilə “Liverpul” klubunu hesabda önə çıxarıb. Birinci hissə “Liverpul” klubunun 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Fasilədən sonra irəli atılan meydan sahiblərinin bir neçə təhlükəli vəziyyətlərinə baxmayaraq qarşılaşmanın 54-cü dəqiqəsində “mersisayd”lılar hesab arasındaki fərqi artırıblar. Sadio Manenin cinah ötürməsini Roberto Firmino asanlıqla qapıdan keçirib – 0:2. Oyunun əsas vaxtına əlavə olunmuş ikinci dəqiqədə meydan sahibləri hesab arasındakı fərqi minimuma endiriblər. Bu dəfədə qol künc ötürməsindən sonra vurulub. Kristian Eriksenin cərimə meydançasına verdiyi ötürməni Filip Lamela dəqiq zərbə ilə tamamlayıb. Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə, görüş “Liverpul” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ardıcıl beş oyunda qalib gələn “Liverpul” 15 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. “Tottenhem” klubu isə 9 xalla beşinci yerdədir. “Liverpul” klubu beş ildir “Uembli”də “Tottenhem” komandasını məğlub edə bilmirdi.

Qeyd edək ki, komandalar bu vaxtadək İngiltərə Premyer Liqasında 150 dəfə üz-üzə gəliblər. Altmış doqquz oyunda “Liverpul”, 42 qarşılaşmada isə “Tottenhem” komandası üstün olub. Otuz doqquz oyun heç-heçə başa çatıb.