XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2018 - 14:17

Rektor Elmar Qasımov Çində –BANM Energetika Universitetləri Beynəlxalq Assosiasiyasının üzvü seçilib

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Çində keçirilən Energetika Universitetləri Beynəlxalq Assosiasiyasının (EUBA) təsisolunma mərasimində iştirak edib.

BANM-dən Strateq.az-a bildirilib ki, tədbirə bu ali məktəblə yanaşı, dünyanın 16 ölkəsindən 28 neft universitetinin rektorları qatılıblar.

EUBA-nın yaradılmasının əsas məqsədi dünyanın enerji sahəsi üzrə universitetləri arasında qlobal enerji inkişafı trendinə uyğun olaraq sistemli əməkdaşlığı təşviq etməkdir.

Tədbirdə E.Qasımov assosiasiyanın yaradılması haqqında bəyannaməni imzalayıb və bununla da BANM qurumun üzvləri sırasına daxil olub. Çin Neft Universitetinin prezidenti Zhang Laibin səs çoxluğu ilə EUBA-nın sədri seçilib.

EUBA-ya üzv universitetlərin birgə bakalavr, magistr və doktorantların hazırlaması, həmin ali təhsil ocaqlarında birgə elmi tədqiqatların aparılması, beynəlxalq laboratoriyaların yaradılması, elm adamlarının mübadiləsi, beynəlxalq yay məktəblərinin təşkili və s. assosiasiyanın qarşısında duran tapşırıqlardandır.

Tədbirdə məruzə ilə çıxış edən E.Qasımov rəhbərlik etdiyi ali təhsil ocağının EUBA-nın üzvü olmasından məmnunluğunu bildirib. O, müasir laboratoriyalar və ən yeni avadanlıqla təchiz edilmiş BANM-in assosiasiyanın qarşıya qoyduğu məqsədlərə çatmaqda maraqlı olduğunu deyib.

E.Qasımov, həmçinin BANM-in tədris sistemi, nailiyyətləri barədə məlumat verib.