Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının keçmiş direktoru Tovuz Eminli ilə Təhsil naziri Mikayıl Cabbarov arasında uzun sürən məhkəmə prosesi ilə bağlı yeni xəbər var.
Strateq.az-a daxil olan məlumata görə, nazir Mikayıl Cabbarovun 03.06.2013-cü il tarixli 11/491 nömrəli işdən azadolunma haqqında əmrinin ləğv edilməsi və məcburi buraxılan iş günlərinə görə əmək haqqının hesablanaraq ödənilməsini tələb edən Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının keçmiş direktoru Tovuz Eminlinin şikayəti Bakı Apellyasiya Məhkəməsində yenə də təmin olunmayıb:
“Bu iş Nərimanov rayon Məhkəməsindən Ali Məhkəməyə qədər uzanıb. Ali Məhkəmə sabiq direktorun «işdən azad olunma barədə əmrin ləğv olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələblərindən bəhs edən şikayətini yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə geri qaytarmışdı. Bakı Apellyasiya Məhkəməsinin hakimi Sənan Hacıyev aprelin 22-də qərarını elan edib. Qərara əsasən, Tovuz Eminlinin nazirə qarşı iddiası əsassız sayılıb”.
Onu da qeyd edək ki, Mikayıl Cabbarov Tovuz Eminlinin vəzifə funksiyalarının icrasında ciddi nöqsanlara yol verməkdə ittiham edərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, onu vəzifədən azad edib.
Onu da qeyd edək ki, mətbuatda Tovuz Eminlinin Müəllimlər institutunun direktoru, deputat Aqiyə Naxçıvanlı ilə yaxın rəfiqə olduğu haqda məlumatlar da dərc olunub. Amma deputatın öz rəfiqəsini nədən sonadək qoruya bilməməsi hələ də sirr olaraq qalır…
Strateq.az