XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

16 Oktyabr 2018 - 11:55

“Azərbaycanda idman sahəsində korrupsiya anlayışı yoxdur” –Azad Rəhimov

“Azərbaycanda idman sahəsində korrupsiya anlayışı yoxdur”.

Bunu Tbilisidə Avropa Şurası İdman Nazirlərinin 15-ci konfransında iştirak edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, toplantıda müzakirə olunan məsələlərin Azərbaycana bir o qədər də aidiyyatı yoxdur: “Konfransanda idmanda insan haqlarının qorunması və korrupsiyaya qarşı mübarizə məsələlərinə baxılır. Azərbaycanda idmançıların hüquqları hərtərəfli müdafiə olunur. Ölkəmizdə idmanda korrupsiya anlayışı da yoxdur. Amma biz konfrans çərçivəsində müzakirələrə qatılmağa hazırıq. Belə ki, hər bir müzakirə idmanın gələcəyinə və bu sahədəki proseslərin inkişafına böyük təkan verir”.

A.Rəhimov deyib ki, Avropa Şurasının İdman Nazirlərinin idmanda korruspiya və danışılmış oyunlarla bağlı ilk konfransı 10 il bundan öncə Bakıda keçirilib: “Çox şadıq ki, Avropa Şurasının bu platforması məhz Bakıdan başlayıb. Azərbaycan Avropa Şurasının idmanla bağlı üç konvensiyasına qoşulub. Bunlardan da ən əsası EPAS-dır (Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişi). Beş ölkə arasında Azərbaycan bu sənədə qoşulan birinci ölkə olub”.

Qeyd edək ki, Avropa Şurası İdman Nazirlərinin 15-ci konfransının açılış mərasimində Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Draqoni, Gürcüstanın baş naziri Mamuka Baxtadze, təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili və digər rəsmi şəxslər çıxış ediblər.

Toplantının yekununda Tbilisi bəyannaməsi və idman sahəsində korrupsiyaya qarşı mübarizə və idmanda insan haqlarının qorunmasına dair iki qətnamənin qəbul olunması nəzərdə tutulub/Report.