Baş Prokurorluğun Mətbuat xidməti bəzi kütləvi informasiya vasitələrində keçmiş MTN-nin şöbə rəisi Vüsal Ələkbərovun vaxtından əvvəl azadlığa buraxılması xəbəri ilə bağlı açıqlama yayıb.
Baş Prokurorluqdan Strateq.az-a verilən xəbərə görə, bu həmin məlumat həqiqəti əks etdirmir: “Belə ki, rüşvət alma, hədə-qorxu ilə tələb etmə və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı tamamlanmış cinayət işi üzrə məhkəmə tərəfindən azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Vüsal Ələkbərov hazırda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müvafiq cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəzasını çəkir.
Kütləvi informasiya vasitələrinə bir daha xəbərdarlıq edilməklə, bu kimi halların təkrarlanmaması və həqiqətə uyğun olmayan məlumatların gələcəkdə yayılmaması məqsədilə məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün hüquq mühafizə orqanlarının, o cümlədən Baş Prokurorluğun Mətbuat xidmətləri ilə dəqiqləşdirmələri xahiş olunur”.