Noyabr 1-də saat 15:14-də Daxili İşlər Nazirliyinin Tovuz Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) rayonun Azaflı kəndində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan bildiriblər ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları ərazidə Tovuz-Böyük Qışlaq avtomobil yolunun 5-ci kilometrliyinə baxış keçiriblər.
Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 85 millimetrlik boş top mərmisi (OF-416) aşkarlanıb. Həmin sursat götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin tapıldığı yerin ətrafında min kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.