XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2018 - 18:16

DOST Agentliyinin konsepsiyasının təqdimatı oldu –Tədbir + FOTO

Bu gün Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmış Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin – DOST Agentliyinin konsepsiyasının, ölkə başçısının 2018-ci il 5 sentyabr tarixli Fərmanı ilə yaradılmış “e-sosial” internet portalının, nazirliyin yeni loqosunun və rəsmi internet səhifəsinin (www.sosial.gov.az) təqdimatı olub.

Tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların, müxtəlif ölkələrin səfirliklərinin, elm-təhsil qurumlarının, QHT-lərin, biznes strukturlarının nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov tədbirdə çıxış edərək ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsinin Prezident İlham Əliyevin sosial siyasətinin mühüm istiqamətini təşkil etdiyini bildirib. O, ötən dövr ərzində bu istiqamətdə nəzərəçarpan irəliləyişlər olduğunu qeyd edib. Dövlət sosial xidmətlər sisteminin innovativ həllərin tətbiqi üzərində təkmil şəkildə qurulması və şəffaflaşdırılması üçün aparılan islahatlardan danışan Əli Əhmədov DOST Agentliyi və mərkəzlərinin bu istiqamətdə mühüm keyfiyyət dəyişikliyinə imkan yaradacağını diqqətə çatdırıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət sosial xidmətləri sahəsində vətəndaş məmnunluğuna nail olunmasının ölkə başçısının sosial sahə ilə bağlı islahatlar proqramının başlıca xətti olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə yaradılan DOST Agentliyinin və mərkəzlərinin bu məqsədə nail olunmasına imkan verəcəyini deyib.

Nazir qeyd edib ki, vətəndaşların ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı nazirliyə müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatları əhatə edən “e-sosial” internet portalı da yaradılıb. Bu işlərlə bərabər, nazirliyin müasir iş prinsiplərini və innovativ yeniliklərə açıq olmasını, cəmiyyətlə münasibətlərdə əsas yanaşma və hədəflərini özündə əks etdirən yeni loqotipi hazırlanıb, həmçinin rəsmi internet saytı yenidən qurulub/Azərtac.