XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2018 - 21:51

Elmar Məmmədyarov Bağdad Amreyevlə görüşdü –Nələr müzakirə olunub?

Xarici işlər naziri Elmar Məmmədyarov  bu gün Milanda ATƏT Nazirlər Şurasının 25-ci iclası çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb.

XİN-dən Strateq.az-a verilən məlumata görə, nazir Azərbaycanın Türk Şurasının banilərindən biri olduğunu vurğulayaraq hazırda da bu qurumun BMT, ATƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi üçün əməli dəstəyin davam etdirdiyini bildirib. O, ölkəmizin Türk Şurasının fəaliyyətinə önəmli töhfə verməklə, konkret layihələr və təşəbbüslər üzərində işlədiyindən bəhs edib.

B.Amreyev Azərbaycanın Türk Şurasının daha da inkişaf etdirilməsi istiqamətində səylərini yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. Bu mənada o, Türk Şurasının bir beynəlxalq qurum olaraq 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə toplantısında təsis edilməsinin tarixi əhəmiyyəti vurğulayıb və 2019-cu ildə təşkil ediləcək Zirvə toplantısının yenə də Azərbaycanda baş tutacağının rəmzi xarakter daşıyacağını ifadə edib.

Görüş əsnasında Türk Şurasına daxil olan ölkələr və xalqlar arasında dil və mədəniyyət sahələrində mövcud olan ortaq mirasın müasir dövrün tələblərinə uyğun olaraq təbliğ və təşviq etməsinin münasib yolları və bu məqsədlə aparılmalı islahatlar müzakirə edilib. Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib.