XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2019 - 16:50

Naxçıvanda Yen il bayramı xüsusi qeyd olunub –Vasif Talıbov ailəsi ilə şənliklərə qatılıb + FOTOLAR

Yanvarın 1-də Naxçıvan şəhərində yeni ilin gəlişi münasibətilə bayram şənliyi keçirilib.

Strateq.az Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyinin aparıcıları 2018-ci ildə muxtar respublikada inkişafın təmin olunması sahəsində görülən işlər, qazanılan uğurlar və həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Sonra Naxçıvan Dövlət Kukla Teatrı aktyorlarının ifasında səhnəciklər təqdim edilib, şən mahnılar səsləndirilib.

Bayram şənliyində muxtar respublikada fəaliyyət göstərən 28 istehsal və xidmət müəssisəsi, eləcə də ailə təsərrüfatları tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyində iştirak edərək ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb, sakinlərin bayramını təbrik edib, uşaqlara hədiyyələr verib.

Uşaqlardan Nəsrin Kərimova və Uğur Məmmədli Ulu Öndərimizə, ölkə Prezidentinə və Naxçıvana həsr olunmuş şeirlər söyləyiblər.

Naxçıvan şəhər sakini Firuzə Abdullayeva bayram təbriklərini çatdıraraq deyib: “Bayramları böyük ruh yüksəkliyi ilə qarşılayırıq. Çünki ölkəmizdə, o cümlədən muxtar respublikada insanların yaxşı yaşaması qayğısına qalınır. Sakinlər inkişaf edən, tərəqqiyə qovuşan doğma Naxçıvanımızla qürur duyurlar”.

Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də yeni il şənlikləri keçirilib.