XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Yanvar 2019 - 10:49

Astanada 20 Yanvar şəhidləri anılıb- FOTOLAR

Qazaxıstanın Astana şəhərində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Strateq.az-ın xəbərinə görə, Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin dəstəyi ilə baş tutan tədbirdə Bu ölkədə akkreditə olunan diplomatik korpusun, beynəlxalq təşkilatların rəhbərləri, ölkənin ictimai-siyasi xadimləri və Azərbaycan icmasının üzvləri iştirak edib.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarıb. Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddialarının onların “Böyük Ermənistan” yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsi olduğunu bildirən səfir Bakı qırğınında canlı qüvvə kimi erməni əsgər və zabitlərindən də geniş istifadə edildiyini vurğulayıb. Diplomat qeyd edib ki, Bakıda baş verən qanlı yanvar hadisələri 1986-cı ilin 16-19 dekabrında sovet qoşunlarının Qazaxıstanın Almatı şəhərində mülki əhaliyə qarşı törətdiyi vəhşiliklərin davamı idi.

Qeyd olunub ki, həmin dövrdə istefada olmasına baxmayaraq, hadisəyə zamanında qətiyyətli reaksiya verənlərdən biri məhz ulu öndər Heydər Əliyev olub. O, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Sovet qoşunlarının Azərbaycanda həyata keçirdiyi qeyri-insani aksiyanı qətiyyətlə pisləyib.

Rəşad Məmmədov bu faciəni əsarətə qarşı mübarizə günü kimi qanları ilə Azərbaycan tarixinə yazan qəhrəman şəhidlərimizin müqəddəs xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib.

Tədbirdə bir sıra beynəlxalq müsabiqələrin qalibi, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, Prezident təqaüdçüsü Atabala Manafzadə Ü.Hacıbəyovun, Q.Qarayevin və S.Raxmaninovun əsərlərini ifa edib. Tədbirdə Qanlı Yanvar hadisələrini əks etdirən fotolar da nümayiş olunub.