XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

23 Fevral 2016 - 13:12

İlyas İsmayılov Sabir Hüseynov haqqında yazdı:Ağır itki

 

 

Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov dəyərli ziyalımız Sabir Hüseynovun xatirəsinə bir yazı qələmə alıb. Strateq.az saytı bu yazını oxuculara təqdim edir:

 

Sabir Hüseynovun əziz xatirəsinə

Bu yaxınlarda dünyadan böyük bir insan köçdü. Onu itirmək məni çox üzdü. Çünki, bu böyük insan şəxsi keyfiyyətləri və çoxtərəfli fəaliyyətilə təkcə ailəsi, yaxın qohumları və digər əzizləri üçün deyil, həm də cəmiyyətimiz, xalqımız üçün dəyərli bir şəxsiyyət idi və belə şəxsiyyətlərin itkisi bütün toplum üçün ağır olur.

Sabir Hüseynov xarakter etibarilə heç kimə bənzəməzdi. Özünün söylədiyinə görə, uşaqlıq və gənclik illərində çox böyük çətinliklərlə üzləşmiş, lakin bu keşməkeşlər onu sındırmamış, əksinə daha da mətinləşdirmiş, öz əxlaqi prinsiplərinə uyğun fəaliyyət göstərməsinə səbəb olmuşdur.

Yüksək mənəvi keyfiyyətləri, daşıdığı vəzifənin məsuliyyətini dərindən anlaması, biliyi, savadı Sabir Hüseynovun hələ gənc yaşlarından etibarən parlamasına, cəmiyyətimizin öncül simalarından birinə çevrilməsində səbəb olmuşdur. Hələ 29 yaşında Kirovabad kimi Azərbaycanın özünəməxsus xüsusiyyətləri ilə səciyyələnən ikinci böyük şəhərinin prokuroru olmuş, sonralar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi sistemində ictimai həyatın, demək olar ki, bütün neqativlərini üzə çıxaran istintaq idarəsinə rəhbərlik etmiş, Azərbaycan SSR Daxili İşlər Nazirliyi kimi nəhəng bir orqanda nazirin müavini olmuş, o vaxtlar ən ali rəhbər orqan sayılan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin inzibati orqanlar şöbəsinin müdiri vəzifəsində çalışmışdı. O, işlədiyi bütün yerlərə yeni abu-hava gətirmiş, haqqı tapdanmış insanların ümid yerinə çevrilmişdi. İnsanları həyatın ən çətin vəziyyətlərində, mürəkkəb hallarında görmüş, haqsızlığa uğrayanlara əlindən gələn xeyirxahlığı əsirgəməmiş, barələrində ən optimal, ədalətli qərarlar qəbul etmişdi. Bütün bu proseslərdən keçən bir insan kimi, özündə öz təbiətilə ahəngdarlıq təşkil edən ciddi müsbət keyfiyyətlər tərbiyyə etmişdir.

İnsanın xarakteri qəti, çətin anlarda onun davranışında özünü daha aydın biruzə verir. Bunu Sabir Hüseynovun keçdiyi həyat yolunda da müşahidə edə bilərik. Yaxşı xatırlayıram ki, A.Vəzirov Azərbaycan KPMK-nin birinci katibi olanda Sabir müəllimə qarşı ədalətsiz hücumlar başladı. O, bu prosesdə, çoxlarından fərqli olaraq, özünü çox mərd apardı, sınmadı, ona qarşı irəli sürülən “ittihamları” məhz  şəxsi davranışı və məntiqli çıxışı ilə rədd etdi.

Vaxtilə yazılarımın birində qeyd etmişdim ki, möhkəm xarakterə malik olmayan, şəxsi ləyaqətini gözləməyən adamlar rəhbər  vəzifələrdə, xüsusilə də hüquq mühafizə orqanlarında işləyə bilməzlər. Belələrinin hüquq mühafizə orqanlarına rəhbərlik etmələri elə ilk başlanğıcdan ədaləti, qanunçuluğu, insanın hüquq və azadlıqlarını böyük təhlükəyə məruz qoya bilər. Sabir müəllimin ciddi xarakteri, öz şəxsi ləyaqətini üstün tutması o vaxtlar qanunçuluğun faktiki təminatçısına çevrilmişdi.

O, heç vaxt çətinliklərdən qorxmazdı, istədiyini hər vəchlə həyata keçirməyə çalışardı. Onun istəyi də, şübhəsiz, şəxsi xarakterli motivlərdən deyil, ictimai maraqlardan doğardı, insanların faydalanmasına yönələrdi. Ümumiyyətlə, Sabir müəllim insanlara yaxşılıq etməkdən zövq alardı. Bu, onun xarakterik xüsusiyyətlərindən biri idi. Ancaq bu yaxşılıqları əlində bayraq etməz, insanlara yerli-yersiz xatırlatmazdı. Respublikada az adam tapılar ki, Sabir müəllim onlara təmannasız olaraq yaxşılıq etməsin. Şəxsən mən bunu öz həyatımda dəfələrlə müşahidə etmişəm.

1984-cü ildə Azərbaycan Respublikasının Prokuroru vəzifəsinə namizədlər məsələsi müzakirə olunanda hərənin bir təklifi olur. Mənim namizədliyimi isə məhz Sabir müəllim irəli sürübmüş. Ancaq o, bunu mənə heç vaxt bildirməmişdi.  Mən də bu barədə sonralar xəbər tutdum. Özündən soruşdum, təsdiq etdi.

Sabir müəllim təbiət etibarilə azdanışan idi. Onun susmağı da çox gözəl təsir bağışlayırdı. Məhz bu xüsusiyətilə bağlı hələ o vaxtlar Respublikada belə bir aforizm dolaşırdı: “o  gözəl susmağı bacaran adamdır”. Xaraktercə azdanışan olmasına baxmayaraq, Sabir müəllim, qətiyyən, qarabaq deyildi. O susmağı bacardığı kimi, natiqlikdə də fitri istedada sahib idi: Danışanda mahiyyətə uyğun danışar, sözlərində ölçü-biçini gözləyərdi.

Şübhəsiz, hər bir kəsin həyatda uğuru ilk növbədə onun əməksevərliyindən, cəmiyyətdə mövcud olan hüquq və əxlaq normalarına əməl etməsindən, toplum və öz vicdanı qarşısında məhsuliyyətini dərk etməsindən keçir. Bununla yanaşı, insanın fərdi keyfiyyətlərinə və fəaliyyətinə kimlərin qiymət verməsi də şəxsiyyətlərin ortaya çıxmasında həlledici rol oynayır. Sən nə qədər də yüksək qabiliyyətə sahib olursan ol, tale səni xarakterlərə  qiymət verən elə insanlara rast salar ki, bütün fəaliyyətin heçə enər, şəxsiyyət kimi sönərsən. O adam xoşbəxtdir ki, pozitiv fəaliyyətlərə adevkat qiymət verən insanlara rast gəlir. Cəmiyyətin irəliyə inkişaf yolu bir də bundan keçir. Bu baxımdan bəxtim gətirib ki, mənim şəxsi keyfiyyətlərimə və fəaliyyətimə qiymət verən insanlardan biri də məhz çox böyük insan saydığım və hörmət bəslədiyim Sabir müəllim oldu. Azərbaycan KPMK-nın inzibati orqanlar şöbəsinin müdiri kimi məni həmişə müdafiə edər, qayğı göstərər, uğurlarıma sevinərdi.

Bəzən düşünürəm ki, Sabir Hüseynovun bu müsbət keyfiyyətlərinin tarixi-mənəvi əsasları vardı. O, sahib olduğu müsbət xüsusiyyətlərini öz şüuraltında yatan milli “xatırələr”indən alırdı. Məlum olduğu kimi, İslam dininin qəbuluna qədər bizim xalqımızın iki inanc yeri olmuşdur. Birincisi haqqa, ədalətə söykənmək, ikincisi isə dostluğa sədaqət və xəyanətə nifrət idi. Düşünürəm ki, bütün çətinliklərə, təhlükələrə məruz qalan xalqımızın həyatda qalması və inkişaf etməsinin sirrini məhz bu iki inancda axtarmalıyıq.

Sabir müəllim xalqımızın bu iki inancının praktiki təcəssümü idi. Fəaliyyətində ədalətə, haqqa söykənməyi nümayiş etdirərdi. Çoxsaylı dostlarını həmişə müdafiə edər, öz şəxsi imicinə zərər vursa belə, onları təhlükələrdən, çətinliklərdən qoruyardı.

O, yüksək intelekt sahibi idi. Bütün məruzə və çıxışlarını, çoxlarından fərqli olaraq, həmişə özü yazardı. Təbiətcə, çox təmiz adam idi. Yəqin, bu, onun genindən gəlirdi. Susmağı kimi təvazökarlığı, ləyaqətinin təzahürü kimi ortaya çıxan sadəliyi onun yaraşığı idi.

Vaxtilə L.N.Tolstoy qeyd edirdi ki, insanın qiymətini müəyyənləşdirmək üçün kəsir xəttinin surətinə onun ləyaqətini, məxrəcinə isə özünün özü haqqında iddiasını qoymaq lazımdır. Yəni insan nə qədər təkəbbürdən uzaq olarsa, onun qiyməti bir o qədər artar. Təbiidir ki, özündən bədgüman, lovğa adamların şəxsi ləyaqəti də çox aşağı olar. Sabir müəllim də lovğa adamları qəbul etməzdi. Özü isə xeyli təvazökar idi. Bir sözlə, Tolstoyun təbirincə desək, haqqında bəhs etdiyim bu şəxsiyyətin ləyaqəti iddiasından qat-qat artıq idi.

Bütün bu göstərilən və deyilməyən müsbət keyfiyyətlərinə baxmayaraq, o fələkdən və insanlardan çoxlu zərbələr aldı. Həyatın normal gedişinə zidd olaraq, oğlunun dünyadan getməsi  kimi ürəkyandırıcı hadisəni yaşadı. Daha sonra həyat yoldaşını da itirib tək qaldı. Yaxşılıq etdiyi bir çox insanların laqeydlikləri ilə üzləşdi. Ürəyi bu zərbələrə dözmədi. Heç də təsadüfi deyil ki, həyatdan getməsinə də məhz ürək xəstəliyi səbəb oldu.

Düşünürəm ki, Sabir müəllim, şübhəsiz ki, cəmiyyətimizin vicdanı sayılan insanların sırasındadır. O, sözün əsl mənasında kişilik nümunəsi idi. O, çox yaşamalı idi ki, insanlara canlı nümunə olsun.

Allah ona rəhmət eləsin!

                                                                                                    İlyas İsmayılov