XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

23 Yanvar 2019 - 11:41

“Google” şirkəti 50 milyon avro cərimələnib- Bu səbəbdən

Fransa Milli İnformasiya və Vətəndaş Azadlığı Komissiyası (CNIL) “Google” şirkətini ötən ilin mayında Avropa İttifaqında qüvvəyə minmiş fərdi məlumatların mühafizəsi qaydalarının (GDPR) tələblərini pozduğuna görə 50 milyon avro (təxminən 57 milyon dollar) cərimələyib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yeni qaydalara görə, şirkətlər istifadəçilərə onların fərdi məlumatlarının toplanması və istifadə olunması barədə məlumat verməli, eləcə də bu məlumatların toplanması üçün onların razılığını almalıdırlar.

“Google” qaydaların pozulmasına görə cərimələnən ilk iri texnologiya şirkət olub, ona tətbiq edilən cərimə isə “GDPR” qüvvədə olduğu qısa müddət ərzində maksimum məbləğdir.

Cəriməyə səbəb “None Of Your Business” (noyb) və “La Quadrature du Net” qeyri-kommersiya təşkilatları tərəfindən edilən şikayətlər olub. İrad yeni “Android” qurğu istifadəçiləri tərəfindən sazlama ilə əlaqədardır və iki hissəyə bölünür: məlumatlandırmanın şəffaf olmaması, müxtəlif fəaliyyət üçün istifadəçilərin razılığının alınması.

Qeyd edək ki, 2018-ci ilin mayında Avropa İttifaqında yeni fərdi məlumatların mühafizəsi qaydaları (General Data Privacy Regulations – GDPR) qüvvəyə minib. Yeni reqlament şirkətlər tərəfindən istifadəçilər üçün fərdi məlumatların mühafizəsi funksiyalarının quraşdırılmasını nəzərdə tutur. Məsələn, istifadəçilərə fərdi məlumatları tam ləğv etmək hüququ veriləcək, eləcə də 16 yaşdan aşağı şəxslərin fərdi məlumatlarından istifadə üçün onların valideynlərinin və ya qəyyumlarının icazəsi tələb olunacaq. Reqlament tələblərinin pozulacağı təqdirdə şirkətlər pozuntunun dərəcəsindən asılı olaraq 20 milyon avro və ya illik dövriyyənin 4 faizi məbləğində cərimə oluna bilərlər.