XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

23 Yanvar 2019 - 12:33

Səttar Möhbalıyev:"Gənclərin kənd yerlərində çalışmasını həvəsləndirən imtiyazlar təkmilləşdirilməlidir"

Gənclərin kənd yerlərində çalışmasını həvəsləndirən imtiyazlar sistemi daha da təkmilləşdirilməli, həyat səviyyəsi yüksəldilməlidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, cağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ordudan tərxis olunan gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirmək, onların peşələrinə uyğun müvafiq işlə təmin olunmasına nail olmaq lazımdır.

AHİK sədri qeyd edib ki, məşğul, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə beynəlxalq təcrübəyə əsaslanan işsizlikdən sığorta sistemini formalaşdırmaq və tətbiqini həyata keçirmək vacibdir.

Azərbaycanda bu gün gənclərin sayının sürətlə artdığını deyən S.Möhbalıyev vurğulayıb ki, bu baxımdan onların məşğulluğu məsələləri də problem olaraq ortaya çıxır.

Konfederasiya sədrinin sözlərinə görə, iqtisadiyyat sahəsində məşğul olan əhalinin 25 faizindən çoxu 15-29 yaşında olan gənclərdir: “Hər il orta hesabla 33-35 min tələbə universitet bitirir ki, onların da işlə təmin olunmaları problem olaraq qarşıya çıxır”.

S.Möhbalıyev əlavə edib ki, “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının məşğulluq strategiyası”na görə əmək bazarında və ya təhsildə olmayan gənclərin (15-24 yaş) xüsusi çəkisini 2030-cu ilədək 15 faizə endirmək və 2025-ci ilədək bütün əhali qrupları, xüsusilə gənclər, qadınlar və əlilliyi olan şəxslər üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olmaq nəzərdə tutulur.

Konfederasiya sədri hesab edir ki, texniki-peşə təhsilində islahatların aparmaq və əmək bazarının tələbatına uyğunlaşdırmaq, əmək şəraitini yaxşılaşdırmaq, gənclərin müdafiə təminatını yüksəltmək, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası ilə əlaqədar regionlarda yeni yaradılacaq müəssisələrdə gənclərin işlə təmin edilməsi üçün xüsusi kvotaların müəyyən edilməsinə diqqət yetirilməlidir.