XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

25 Yanvar 2019 - 17:46

Metropolitenin “Nərimanov” elektrik deposunda daha bir yarımstansiyanın inşası başa çatıb –FOTO

Metropolitenin “Nərimanov” elektrik deposunda daha bir elektrik yarımstansiyasının inşası başa çatıb və avadanlıqların qurulmasına başlanılıb.

“Bakı Metropoliteni” QSC-dən  bildirilib ki, bu yarımstansiya metropolitenin mühüm istehsalat, təmir-bərpa sahəsi olan, ən əsası, lokomotiv parkının yerləşdiyi deponun elektrik təchizatını ən müasir standartlara çatdıracaq. Son illərdə aparılan yenidənqurma işləri sayəsində deponun funksionallığı artıb. Burada yeni istismar, təmir, istehsalat sahələri yaradılıb və bununla elektrik təchizatının müvafiq standartlara cavab verməsi zərurəti yaranıb.

Yeni yarımstansiya “Bakı Metropoliteni” QSC-nin nəzdindəki “Bakımetrolayihə” İnstitutunun layihəsi əsasında inşa olunub. İki mərtəbəli binanın birinci mərtəbəsi xətlərin əsas daşıyıcı sahəsi olacaq. Burada xidməti otaqlar da yerləşəcək. İkinci mərtəbə yarımstansiyanın əsas idarəetmə personalının iş yeri, həmçinin elektrik təchizatı avadanlıqlarının yerləşdirilməsi üçün nəzərdə tutulub. Binanın əsas tikinti işləri başa çatıb, mərtəbələr üzrə bölgülər aparılması yekunlaşıb.

Yarımstansiyanın təchizatı ilə bağlı məsələlər də artıq tam həllini tapıb, sifariş edilmiş avadanlıqların quraşdırılmasına başlanılıb. Burada dünyada tanınmış şirkətlərdən biri olan “Siemens”in avadanlıqları quraşdırılır. Fərqli istehsalçılara məxsus avadanlıqların bir sistemin tələblərinə uyğunlaşdırılması kimi ağır bir prosesi sadələşdirməyə, daha təkmilləşdirilmiş, səmərəli və keyfiyyətli iş qurmağa kömək edir. Bununla avadanlığın istismarı və qulluğu xeyli asanlaşır. Yarımstansiyada müasir, hər biri 2 ədəd olmaqla, 1000 kilovatlıq, 630 kilovatlıq və 40 kilovatlıq yeni transformatorlar qurulur. 1000 kilovatlıq transformatorlar güc, 630 kilovatlıqlılar işıqlandırma, 40 kilovatlıqlılar isə işarəvermə sistem və qurğuların elektrik təchizatına olan tələbatı ödəyəcək. Bu şəbəkələrin bir-birindən ayrılması metropoliten üçün vacib məsələ olmaqla, elektrik təchizatının sabitliyini və etibarlılığını daha yüksək səviyyədə təmin etməyə imkan verəcək.

Yeni yarımstansiyada 6 kilovoltluq komplekt paylayıcı qurğu və 4 ədəd 0,4/0,23 kilovoltluq paylayıcı qurğu qoyulur. Paylayıcı qurğuların daha bir mühüm üstünlüyü avtomat mexanizmli bölmələrdən ibarət olmalarındadır. Digər üstünlüyü isə perspektivdə bölmələrin yenisi ilə əvəzlənməsinin mümkünlüyüdür. Sahədə tərkibi gel əsaslı hermetik akkumulyatorlar qoyulacaq. Yeni sabit cərəyan lövhəsi, qəza-işıqlandırma bölməsi, həmçinin müvafiq normalara uyğun havalandırma sistemi qurularaq, müasir standartların tələblərinə cavab verəcək.

Avtomatik iş yeri də dövrün tələblərinə uyğun təmin ediləcək, idarəetmə buradan müasir mikroprosessor sistemli telemexanika şkafı ilə həyata keçiriləcək. Həm də sistem dispetçer idarəetməsinə tabe ediləcək.

Yarımstansiya qurulduqdan sonra yeniləşməkdə olan “Nərimanov” deposunun elektrik təchizatı daha da yüksək standartlara cavab verəcək.  (Azərtac)