XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2019 - 17:01

SOCAR rəsmisi:“Azərbaycanda təbii qaz bol olduğuna görə idxaldan imtina edilib”

“Hazırda və növbəti illərdə Azərbaycanda təbii qaz qıtlığından söhbət gedə bilməz. Əksinə təbii qaz bolluğu olduğuna görə idxaldan imtina edilib”.

Bunu “Report”a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

O qeyd edib ki, SOCAR öz imkanları ilə hasil etdiyi qaz həcmlərinin demək olar ki, hamısını ölkə daxili tələbata yönləndirir. “Çünki SOCAR üçün daxili bazar, ölkənin tələbatı mütləq prioritetdir. 2018-ci ildə SOCAR 11,2 mlrd. kubmetr həcmində təbii qazı Azərbaycanın daxili tələbatının təminatı məqsədi ilə istifadə edib. Daxili tələbat tam ödənilib. Azərbaycandan ixrac olunan qaz əsasən beynəlxalq konsorsium (“Şahdəniz”-REP.) tərəfindən ixrac edilir. SOCAR daxili tələbat tam ödənildikdən sonra izafi qalan, cüzi həcmdə qazı ixraca yönləndirir ki, bu da əsasən üçüncü tərəflərdən (konsorsium, idxal) yay aylarında alınan qaz həcmləridir. Belə ki, qaz anbarlarının potensialından istifadə edərək yay aylarında qazı alıb saxlayıb, qış aylarında – qazın qiyməti qalxanda alınan qazı xaricə ixrac etmişik. Bununla da ölkəyə əlavə gəlir gətirilib. Ötən il 1,42 mlrd. kubmetr qaz ixrac edilib”,- SOCAR rəsmisi bildirib.

Onun sözlərinə görə, daxili bazarın qazla təminatında heç vaxt problem yaranmayıb, hazırda qaz hasilatı artdığından qaz anbarlarında üçüncü tərəflərin qazına yer qalmayıb və idxaldan imtina edilib: “Bu il xaricdən idxal olunaraq, anbarlarda saxlanılan sonra isə ixrac edilən qaz həcmlərindən imtina etdik. Artıq qaz anbarlarımız tam dolub. Bu qaz toplama mövsümündə anbarlara əvvəlki illərdən daha çox – 3,1 mlrd. kubmetrdən çox qaz tədarük edilib. Bundan əlavə, qaz hasilatı da davam edir. Qış aylarında tələbat artdığına görə hasil edilən qazla yanaşı, tədarük edilən qaz da istehlakçılara verilir. İxraca yönləndirilən izafi qalan həcmin bir hissəsidir”.

Bundan başqa, İ. Əhmədov gələcəkdə daxili tələbatın artımı nəzərə alındığını, Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağından hasilat başlayanda əldə olunan həcmlərin də ilk növbədə daxili bazara yönləndiriləcəyini də vurğulayıb.

O, ayrı-ayrı yerlərdə qaz təminatı ilə bağlı hər hansı problem yarandığı halda isə bunu qaz qıtlığı ilə deyil, boru sisteminin köhnəlməsindən yaranan sızmalara bağlı olduğunu bildirib. Onun sözlərinə görə, “Azəriqaz” İstehsalat Birliyi bununla məşğul olur, yeni xətlər çəkilir, köhnə xətləri mütəmadi yenilənir.