Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.
“Report”un məlumatına görə, “Keşlə” “ASK Arena”da “Səbail”i qəbul edib.
Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0. Hesabı 14-cü dəqiqədə “Səbail”in ən yaxşı bombardiri Kevin Kubemba açıb.
O, cinah ötürməsini başla qola çevirib. 53-cü dəqiqədə Elvin Yunuszadə “Keşlə”nin qapıçısı Kamran Ağayevin səhvindən sonra fərqlənərək, yeni komandasında ilk qolunu vurub.
Oyunda son nöqtəni isə yenə Ağayevin səhvindən yararlanan Ağabala Ramazanov qoyub.
Bununla da “Səbail” 3 oyunluq qolsuzluqdan sonra 3 qollu qələbə ilə xallarını 24-ə çatdıraraq, 3-cü pillədə möhkəmlənib. Ardıcıl 4-cü matçda meydanı qolsuz tərk edən “Keşlə” isə 12 xalla 7-ci pillədə qalıb.
Qeyd edək ki, tura fevralın 3-də keçiriləcək “Qəbələ” – “Sumqayıt” və “Qarabağ” – “Neftçi” matçları ilə yekun vurulacaq.