“Azərbaycan xalqının siyasi sabitlik, təhlükəsizlik, dini və ümumi rifahı bizim üçün son dərəcə mühümdür. İki xalqın müxtəlif istiqamətlərdə əməkdaşlıq və iqtisadi mübadilələri artmalıdır”.
Strateq.az İran Dövlət Televiziyasına istinadən bildirir ki, bu sözləri İranın ali dini lideri Xameneyi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
Dünən axşam keçirilən görüş zamanı Xamneyi xalqlar arasında təkfirçi qrupların fitnəkarlıqları ilə mübarizədən danışaraq deyib ki, Azərbaycan dini baxımdan köklü və bəzi böyük islam alimlərinin meydana gəldikləri yerdir. Xameneyi Azərbaycan Respublikası prezidenti İlham Əliyevin iki ölkəyə qarşı hədələrin əksəriyyətinin mənbəyinin vahid olmasına dair sözlərini dəstəkləyib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Tehran və Bakının yaxın əlaqələrinə toxunaraq, İrandakı müzakirələrini olduqca mühüm və səmərəli adlandırıb. Dövlət başçısı deyib ki, müştərək mədəniyyət, din və tarix İran ilə Azərbaycan arasında dərin bağlılıq yaradıb.
İ.Əliyev iki ölkə arasında ondan yuxarı sənədin imzalanmasına toxunaraq, ikitərəfli əlaqələri “qardaşcasına və çox yüksək” adlandırıb:“Ticarət, nəqliyyat, energetika və sənaye əməkdaşlığı sahəsində yaxşı addımlar atılıb və çalışırıq ki, iki ölkə əlaqələri və birliyini bütün sahələrdə genişləndirək”.
Prezident İlham Əliyev bildirib ki, İran dünyada sülh və sabitliyin bərqərarında olduqca mühüm rol oynayır: “Biz İranın təhlükəsizliyini öz təhlükəsizliyimiz bilirik”.
Əliyev iki ölkəyə qarşı hədələrin bir mənbədən qaynaqlandığını bildirib: “Bu səfərdə İranla terrorizmlə mübarizədə əməkdaşlıq barədə razılıq əldə olundu”.
Prezident Azərbaycanda islam dəyərlərinə hörməti vurğulayaraq dövlətin dini sahədə xidmətlərinə toxunub: “Azərbaycanın istiqlaliyyəti dövründə iki min məscid tikilibdir ki, onların yarısı mənim prezidentliiym dövründə inşa olunub”.
Azərbaycan Respublikası prezidenti dünyada baş qaldıran islamafobiyanı tənqid edib və bunu pisləyib.
Görüşdə tarixi, dini, mədəni köklərlə bağlı olan ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
X. SƏFƏROĞLU
Strateq.az