XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Fevral 2019 - 13:46

Humanitar Tədqiqatlar İctimai Birliyi dəyirmi masa keçirdi:"Xalqları sülhə necə hazırlamalı?"

Humanitar Tədqiqatlar İctimai Birliyinin (HTİB) təşkilatçılığı ilə “Xalqları sülhə hazırlama: ötən dövrün təcrübəsi və yeni çağırışlar” adlı dəyirmi masa təşkil olunub.

Strateq.az-ın xəbərinə görə, HTİB sədri Əvəz Həsənov tədbir zamanı qeyd edib ki, 2019-cu il yanvarın 16-də Fransanın paytaxtı Paris şəhərində ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında keçirilən görüş zamanı hər iki tərəfin əhalisinin sülhə hazırlanması yolları barədə bəyanat verilib.

Qəbul olunan bəyanatda xalqların sülhə hazırlanması ilə regionda təhlükəsizliyin və dayanıqlı regional inkişafın əldə olunmasına ciddi işarə olunub.

Dilarə Əliyeva adına Qadın Huquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova xalqları sülhə hazırlamaq yolunda daxili dialoqun aparılmasının vacibliyindən danışıb. Vətəndaş cəmiyyəti təmsilçilərinin sülhyaratma istiqamətində fəaliyyətini koordinasiya etməsinə ehtiyacın olduğunu qeyd edən N.Cəfərova yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan vəziyyətin  müzakirə olunması üçün vətəndaş cəmiyyəti nümayəndələri ilə xarici işlər nazirinin görüşünün təşkil olunmasını təklif edib.

“3-cü baxış” Anatlitik İnformasiya Mərkəzinin direktoru Rauf Rəcəbli qeyd edib ki, münaqişənin həll olunmasının yalnız müharibə və ya sülh yolu olduğunu cəmiyyət yaxşı başa düşür və belə olan halda sülhü daha çox sərfəli variant kimi qəbul edir.

Tədbir zamanı vətəndaş cəmiyyəti nümayəndələri indiyə kimi Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti təmsilçilərinin əldə etdikləri təcrübəni bölüşüblər. Müstəqil jurnalist Asəf Quliyev vətəndaş cəmiyyəti nümayəndələrinin bu istiqamətdə zəngin təcrübəyə malik olduğunu bildirib.

Mətbuat Şurasının üzvü Azər Həsrət qeyd edib ki, xarici işlər nazirlərinin görüşündən sonra cəmiyyətdə sülhün əldə olunmasının vacibliyinə diqqət artmaqdadır: “Sülhün hər iki cəmiyyət üçün vacib olduğu izah olunmalıdır. Hər iki cəmiyyətdə aqqressiv münasibətlərin aradan qaldırılması üçün addımlar atılmalıdır”.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni isə “Azərbaycan tərəfinin daha çox itkilər verdiyini, 1 milyona yaxın vətəndaşın qaçqın və məcburi köçkünün olduğunu nəzərə alsaq, ölkə əhalisinə sülhün izah olunması asan olmayacaq. İşğal faktının davam etdirilməsi vətəndaşlarımızın sülhə olan inamını azaldır” – deyib.

Azərbaycan-Ermənistan Vətəndaş Sülh Platformasının koordinatoru Dilarə Əfəndiyeva platforma barəsində məlumat verib, hər iki xalqın nümayəndələri arasında münasibətlərin normallaşmasına imkan verən sülh platformasının prosesə verə biləcəyi töhfələr barəsində danışıb. O qeyd edib ki, sülh platforması xalqlar arasında gərginliyin azaldılmasına yönələn addımları ilə xalqlar arasında buzun əriməsinə təkan verəcək potensiala malikdir.

Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənanyarlı qeyd edib ki, “sülhün əldə olunması eyni zamanda ədalətin bərpa olunmasına şəraitin yaranmasından ibarət olmalıdır ki, sülhün davamlılığı mümkün olsun”.

İnsan Hüquqları və Qanunçuluğun Müdafiə Bürosunun sədri Səidə Qocamanlı öz çıxışında bildirib ki, insanların əldə olunacaq sülhdən sərfəli nəticəni gözləməsi münaqişə tərəflərini danışıqlar prosesində daha diqqətli olmağa sövq edir: “Doğma torpaqlarından qovulan insanlar son nəticə kimi öz evlərinə qayıdacaqlarına ümid edirlər”. 

Hüquqi Təhlil və Araşdırma İB-nin rəhbəri Ramil İsgəndərli tədbir zamanı qeyd edib ki, Azərbaycan hakimiyyəti artıq əhalinin sülhə hazırlanmasının vacibliyindən danışırsa, vətəndaş cəmiyyəti nümayəndələrinin də bu proseslərə dəstək olması onların rolunu artırmış olacaq: “İlk olaraq vətəndaş cəmiyyətinin əldə etdiyi təcrübədən bəhrələnməklə prosesin tezləşməsinə təkan vermək olar”.

“Buta” Uşaq Fondunun prezidenti Nazim İbadov, müstəqil araşdırıcı Bəxtiyar Aslanov, ekspert Anar Eyyubov sülhün daha effektiv olması üçün hər iki cəmiyyətdə ritorikanın korrektəsinə ciddi ehtiyac olacağını qeyd ediblər.

Tədbirdə Beynəlxalq Böhran Qrupunun təhlilçisi Zaur Şiriyev, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinın təmsilçisi Johanna Ketola vətəndaş cəmiyyətinin sülhyaratma prosesində rolunun düzgün dəyərləndirilməsi və onların imkanlarından istifadə olunmasının əhəmiyyətini vurğulayıblar.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun keçmiş koordinatoru Ziya Quliyevin sözlərinə görə,  şərq tərəfdaşlığı çərçivəsində Azərbaycan və Ermənistan QHT-lərinin əməkdaşlığı fonunda regionun müxtəlif problemlərinin həlli istiqamətində təcrübə toplanıb.

“Strateq.az” saytının rəhbəri Elxan Şükürlü öz çıxışında tərəflərin fərqli mövqeyi fonunda xalqları sülhə hazırlamağın çətin bir proses olacağını xatırladıb.

HTİB sədri Əvəz Həsənov qeyd edib ki, tərəflər sülh danışıqlarını indiyə kimi müzakirə etdikləri “Madrid prinsipləri” çərçivəsində edəcəksə,sülhün nəticəsinin necə olacağı barədə mülahizə yürütmək olar: “Əsas odur ki, hər iki ölkədə əhaliyə sülhə nail olunması üçün kompromisin əldə olunmasının vacibliyi izah edilsin. Tərəflər kompromisi özlərinin məğlubiyyəti və yaxud digəri üzərində qələbəsi kimi başa düşməsinlər”.

Müzakirə iştirakçıları xalqların sülhə hazırlanması ilə bağlı vətəndaş cəmiyyəti qarşısında yeni vəzifələrin durduğunu qeyd etməklə hakimiyyətin vətəndaş cəmiyyətinin potensialından istifadə etməsinin və onlarla bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.