XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

25 Fevral 2016 - 23:15

Səbail Polisində Xocalını anım tədbiri –Danışır şahidlər...

 

seb-1

 

O gün şahidlərin günü idi. Zaman-zaman başımıza gətirilənləri xatırlayıb, lentin yaddaşına yazılmış həqiqətlərə yenidən baxıb, dünənə, keçmişə boylandıq. Səssizliyin, sükutun hakim kəsildiyi zalda yumruqları düyünlənmiş, özündən biixtiyar göz yaşları yanağından süzülən həmkarlarımı görəndə “Biz unutqanıq” deyənlərə, sözün əsl mənasında, acıdım…

 

Həqiqəti yazmaq da, demək də çox çətindir, bilirəm. Amma bundan sonra əsl həqiqətin şahidləri kimi dünyanı silkələməliyik. Şahidlər danışmalıdır…

 

Fevralın 25-də Səbail Rayon Polis İdarəsində Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirildi.

 

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni oxundu. Sonra soyqırım qurbanlarının və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

seb-4

 

Səbail RPİ-nin rəisi, polis polkovniki Əli İbrahimov Xocalı soyqırımının erməni millətçilərinin zaman-zaman Azərbaycanda törətdikləri qanlı cinayətlərin ən dəhşətlisi olduğunu bildirdi.

 

O, erməni millətçisi Zori Balayanın “Ruhumuzun canlanması” adlı kitabında Xocalı soyqırımına haqq qazandırdığını, orada Azərbaycan türklərinə qarşı soyqırımın həyata keçirildiyini etiraf etdiyini və Devid Xerdiyanın “Xaç uğrunda” kitabında erməni vəhşiliklərini yazdığını iştirakçıların diqqətinə çatdırdı.

 

Qeyd edildi ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində səylər daha da artırılmalı, dünya ictimaiyyəti bu faciəyə layiqli qiymət verməli, qətliamı törədənlər ədalət məhkəməsi qarşısına çıxarılmalıdırlar.

seb-3Tədbirdə iştirak edən Milli Məclisin deputatı, Xocalı qırğınlarının şahidi, soyqırımı zamanı doğmalarını və əzizlərini itirən Elman Məmmədov 1988-ci ildə, daha doğrusu, Ermənistanda yaşayan soydaşlarımızın sonuncu deportasiyasından sonra Xocalıda vəziyyətin pisləşdiyini, ermənilərin dəfələrlə Xocalıya hücum etmələrini xatırlatdı. O dedi ki, Xocalı 1991-ci ilin noyabr ayının 1-dən etibarən blokadaya alınmışdı və bu da ətraf rayonlarla əlaqələrin kəsilməsi demək idi. Məhz bundan istifadə edən düşmən Xocalını məhv etmək üçün bütün gücünü toplayıb hücuma keçdi.

 

Vurğulandı ki, Xocalını xocalılılardan və bir də Azərbaycan Polisindən başqa kimsə müdafiə etmirdi. Yüngül atıcı silahlarla silahlanmış insanlarla düşmənin təpədən-dırnağadək silahlanmış ordusunun qarşısına çıxmaq ölümə meydan oxumaq idi. Erməni silahlı qüvvələrinin, o zaman elan olunmuş qondarma Dağlıq Qarabağ respublikası silahlılarının, ermənilər yaşayan kəndlərin silahlı sakinlərinin, erməni diaspor təşkilatlarının gətirdiyi muzdluların və bu gün də erməniləri müdafiə edib onlara silah, sursat verən havadarlarının, daha dəqiq desək, 366-cı motoatıcı alayın şəxsi heyətinin və zerehli texnikasının köməyi ilə Xocalı şəhəri, qədim mədəniyyət beşiyi yerlə-yeksan oldu.

 

Həmin qanlı gündə doğmalarını, əzizlərini itirən İdarənin rəis müavini, polis polkovniki Sadiq Mədətov həm Xocalının müdafiəçisi, həm də hadisələrin şahidi kimi Xocalıda baş verənləri bəşəriyyətə qarşı törədilmiş ən qatı cinayət adlandırdı. Sadiq Mədətov soyqırımı nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca qadın və kişi olmaqla – 613 nəfər Xocalı sakininin qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərindən birini itirdiyini, düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sının uşaq olduğunu, Xocalıda 1275 nəfərin əsir götürüldüyünü, 150 xocalının itkin düşdüyünü bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı. “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işlərin önəmini xüsusi vurğuladı.

 

Sonra İdarə rəisi, polis polkovniki Əli İbrahimov tədbir iştirakçılarına tezliklə Xocalının, soyqırıma məruz qalan soydaşlarımızın qisasının alınacağı günün çox da uzaqda olmadığını, üçrəngli bayrağımızın işğal olunmuş torpaqlarımızda dalğalanacağını, Mübariz kimi övladları olan Vətənin heç vaxt məğlub olmayacağına əminliyini ifadə etdi.

 

Hafiz Təmirov,

Polis mayoru