XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 Mart 2019 - 13:35

Fərhad Bədəlbəyli:"Xüsusilə rayonlarda musiqi məktəblərini ixtisara salmaq olmaz"

Xüsusilə rayonlarda musiqi məktəblərini ixtisara salmaq olmaz. Trend-in məlumatına görə, bunu Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı deyib.

F.Bədəlbəyli qeyd edib ki, 2021-ci ildə Bakı Musiqi Akademiyasının 100 illiyi tamam olacaq: “Onun məzunları buradadırlar, dünya şöhrətli ifaçılar Xuraman, Fidan, Firəngiz xanım, maestro Rauf. Yəni, bizim nəticələrimiz çox böyükdür. Bəstəkarlar məktəbi, vokal məktəbi. İndi bizim məzunlarımız Bolşoy Teatrda, La-Skalada ən möhtəşəm səhnələrdə konsertlərlə çıxış edirlər. Mən çox şadam ki, Üzeyir bəyin ənənələri davam etdirilir. Bu ənənələrin çox böyük bünövrəsi var, cənab Prezident, bu, musiqi məktəbləridir. Əgər musiqi məktəbləri, bu gözəl musiqi təhsili sistemi olmasaydı, bizim uğurlarımız da olmazdı. Bunu mütləq və mütləq saxlamaq lazımdır”.

Rektor bildirib ki, nəbadə musiqi məktəblərini ixtisara salmaq, xüsusilə rayonlarda azaltmaq olmaz: “Biz rayonları nəyə görə diqqət mərkəzində saxlayırıq. Şəkidə Firəngiz xanım öz festivalını keçirir. Qəbələ festivalına görə sağ olsun Mehriban xanım, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu. Bu festivala 10 il ərzində ən möhtəşəm orkestrlər, solistlər gəliblər. Camaat indi özləri ailə üzvləri ilə konsertlərə gəlir. Yəni, mühit dəyişir. Rayonlarımızda musiqi məktəbləri çox vacibdir. Ona görə çox xahiş edirəm, biz nəbadə onlara toxunaq”.

Xalq artisti daha bir məsələyə toxunub: “Məncə, artıq ölkəmizdə klassik musiqi alətləri kolleksiyasının yaradılmasının vaxtı gəlib çatıb. Cənab Prezident, bu, bütün dünyada böyük bir bazardır. Sizə misal gətirim. Qvarneri del Cezu skripkasının 2010-cu ildə iki milyon dollar qiyməti var idi. Bu gün onun qiyməti dörd milyon dollardır. Yəni, bunu biz investisiya şəklində ala bilərik və Azərbaycanın bu kolleksiyası olsa, burada bizim ən istedadlı cavan skripkaçılar oturublar. Elvin Qəniyev ayın 7-də maestro Rauf Abdullayevlə filarmoniyada çıxış edəcək. Onun qvarneri skripkası var, ona kirayə veriblər. Mən çox istərdim ki, Rusiyada, misal üçün, 60 milyon dollarlıq kolleksiya alıblar, violonçel. Yenə də deyirəm, bu, investisiyadır. Bu, o demək deyil ki, biz aldıq və qaldı. Vaxt ötdükcə, onun qiyməti qalxır. Əgər mümkünsə, bu kolleksiya məsələsinə baxasınız, cənab Prezident. Bu iki məsələ, bir də mən çox danışmaq istərdim. Amma bu iki məsələyə toxundum.

Cənab Prezident, doğrudan da biz Sizi dəstəklədik və sözün düzü, biz Sizi çox sevirik. Sizin ailənizi sevirik. Maşallah, Sizin qızınız Leylanı hamı çox istəyir. Mən bir neçə dəfə “Xocalıya ədalət!” kampaniyasında iştirak etmişəm. Bir qarabağlı kimi deyim ki, bu, çox təsirlidir. O kampaniya bütün dünyada aparılır. Sağ olsun Leyla xanım, ona dərin təşəkkürümü bildirirəm. Qarabağ icmasının üzvü kimi burada Elçin və bizim ağsaqqalımız əyləşib. Biz bir arzu ilə yaşayırıq – bu yol Şuşaya aparan yoldur. İnanırıq ki, biz gec-tez orada olmalıyıq. Biz Şuşasız yaşaya bilmərik”.