XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

06 Mart 2019 - 14:42

Komitə:"Yataqxanada baş verən yanğın səbəbilə sakinlər üçün müvəqqəti çadırlar quraşdırılıb"

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Nərimanov rayonunda yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb.

Komitədən Trend-ə daxil olan məlumatda deyilir ki, martın 5-də gecə 23.30 radələrində Bakı şəhərinin Nərimanov rayon ərazisində, M.Məmmədov küçəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada yanğın baş verib. Bu barədə xəbər alındıqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, MKSİF-in direktoru Mahir Abbaszadə və digər məsul işçilər hadisə yerində olublar.

Yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb.

Yataqxanının üçüncü mərtəbəsində Səriyyə Hacıyevaya məxsus otaqda baş vermiş yanğının zəhərli təsirindən 8 nəfər xəsarət alıb, dərhal xəstəxanaya aparılıb. Hadisə nəticəsində Laçın rayonundan məcburi köçkün Eliza Əliyeva və Surxay Əliyev dünyasını dəyişib.

Dövlət Komitəsinin müvafiq şöbəsi tərəfindən yanmış otağın və dəhlizin zərər dəyən hissəsinin təmirinə başlanılıb. Təmir işlərinin çox qısa müddətdə başa çatdırılması üçün zəruri tədbirlər görülür.

Nərimanov rayon icra hakimiyyəti tərəfindən müvəqqəti sığınacaq üçün çadırlar quraşdırılıb. Yanğın zamanı həyatını itirmiş şəxslərin dəfni və hüzr mərasiminin keçirilməsi Dövlət Komitəsi tərəfindən təşkil edilib.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi və prokurorluq orqanları tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir.

Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.