XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

12 Mart 2019 - 16:57

Cahangir Əsgərovdan “Boeing 737 MAX-8”in qəzaya uğraması ilə bağlı açıqlama:"Şirkətlə sıx əlaqə saxlayırıq"

““Boeing-737 MAX-8” təyyarəsinin Efiopiyada qəzaya uğramasının təhqiqatı ilə əlaqədar Azərbaycan Respublikasının milli aviadaşıyıcısı “Boeing” korporasiyası ilə sıx əlaqə saxlayır”.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib.

AZAL-ın prezidenti Cahangir Əsgərov jurnalistlərin çoxsaylı suallarına cavab olaraq deyib ki, “Boeing 737 MAX-8” hava gəmiləri ilə baş verən iki aviasiya qəzasının təhlili nəticəsində bir çox oxşar məqamlar müəyyən edilib – hər iki təyyarə uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hadisələrin səbəblərinin ilkin versiyası – laynerlərin proqram təminatında ehtimal olunan nasazlıqdır.

Onun sözlərinə görə, AZAL aviaşirkəti ilə “Boeing” korporasiyası arasında imzalanmış sazişə əsasən, bu ilin sonundan etibarən Azərbaycana üç il ərzində ümumilikdə 10 ədəd “Boeing 737 MAX-8” tipli təyyarə gətiriləcək.

“Biz “Boeing” korporasiyasında çalışan amerikalı mütəxəssislərlə bu məsələ ilə bağlı sıx əməkdaşlıq edirik. Yeni təyyarənin proqram təminatında hər hansı qüsur aşkar edildikdə, həmin qüsurlar ölkəmizə çatdırılma zamanı tamamilə aradan qaldırılacaq. Bu məsələ bizim daimi nəzarətimiz altında olacaq” – deyə C.Əsgərov qeyd edib.

Xatırladaq ki, 2018-ci il oktyabrın 29-da və bu il martın 10-da bu tip iki təyyarə qəzaya uğrayıb. Bir sıra aviaşirkətlər hadisənin təhqiqatının nəticələri müəyyən edilməyənədək “Boeing 737 MAX-8” tipli təyyarələrin istismarını müvəqqəti dayandırdıqlarını bildiriblər/Azərtac.