XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 March 2019 - 10:48

Hərbçilərlə Novruz görüşü –Tədbirdə şəhid analarının iştirakı və çıxışı duyğulu anlar yaşadıb

Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin və Tərtər rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə Novruz bayramı münasibətilə rayonun “N” saylı hərbi hissəsində əsgər və hərbçilərlə görüş keçirilib.

Bu barədə Strateq.az-a verilən məlumatda qeyd olunur ki, əvvəlcə hərbi hissənin komandiri çıxış edərək hərbçi və əsgərləri Novruz Bayramı münasibətilə təbrik edib və onlara xoş arzularını çatdırıb. Əsgər və hərbçilər qarşısında çıxış edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva əsgər və zabitləri xalqımızın ən qədim və müqəddəs bayramlarından olan Novruz bayramı münasibətilə təbrik edib və ən xoş arzularını bildirib. Millət vəkili deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır:

“Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda dalğalanacaq. İnşallah gələn bayramlarımızı işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada, Xankəndində, Xocalıda və işğal altında olan digər o gözəl bölgələrimizdə qeyd edək”.

Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova əsgərləri Novruz bayramı münasibətilə təbrik ediblər və onlara vətənimizin keşiyində daim məğrur durmalarını arzu ediblər.

Daha sonra millət vəkili Qənirə Paşayeva əsgər və zabitlərə müəllifi olduğu kitabları imzası ilə hədiyyə edib. Sonda hərbi hissənin rəhbərliyi çıxış edib, qonaqlara təşəkkür edərək, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib. Tədbirdə şəhid analarının və şəhid ailələrinin iştirakı və çıxışı xüsusi duyğulu anlar yaşadıb. Millət vəkili Qənirə Paşayeva və digər qonaqlar əsgər və zabitlərlə birlikdə nahar ediblər. Sonra tədbir bədii hissə və konsert proqramı ilə davam edib.