XƏBƏR LENTİ

19 Fevral 2020

Digər Xəbərlər

28 Mart 2019 - 16:57

Ombudsman Ermənistanda girov saxlanılan Qazax sakini ilə bağlı hərəkətə keçdi –Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edildi

İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova Ermənistanda girovluğunda saxlanılan Elvin İbrahimovla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Ajmone Sesseraya müraciət ünvanlayıb.

Ombudsman Aparatından verilən məlumatda qeyd edilib ki, Azərbaycan vətəndaşı, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü, Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatda olan və dəfələrlə müalicə almış, II qrup əlil İbrahimov Elvin Arif oğlu, anasının dediyinə görə, bu ilin mart ayının 15-də evdən işə getmək adı ilə çıxıb, sonradan Qazax rayonunun Ermənistan Respublikasının Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb və hazırda girovluğunda saxlanılır.

Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair 1949-cu il tarixli Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən mülki şəxslərin girov götürülməsi qadağan olunur və onlar tez bir zamanda mənsub olduğu ölkəyə qaytarılmalıdır.

Eyni zamanda E.İbrahimovun II qrup əlil olduğunu və sərhədi səhvən keçərkən Ermənistan hərbçiləri tərəfindən yaralandığını nəzərə alaraq, adı çəkilən konvensiyanın 16-cı maddəsinə əsasən, xüsusi qayğı və himayə ilə əhatə olunmalı, tez bir zamanda girovluqdan azad edilməlidir.

Lakin təəssüflə qeyd edilməlidir ki, Ermənistan tərəfi hər zaman olduğu kimi, bu dəfə də beynəlxalq hüquq norma və prinsiplərini pozaraq mülki şəxsi girov götürmüş, onun əlilliyi olmasına baxmayaraq, tez bir zamanda ölkəsinə qaytarılması istiqamətində hər-hansı bir tədbir görməmişdir.

Qeyd olunan beynəlxalq normaları və E.İbrahimovun anasının Azərbaycan Ombudsmanına ünvanladığı xahiş məktubunu nəzərə alaraq, Müvəkkil Elmira Süleymanova tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Elena Ajmone Sesseraya müraciət ünvanlanıb. Müraciətdə Komitənin mandatı çərçivəsində E.İbrahimovun girovluqda olduğu müddətdə hər hansı fiziki və mənəvi zorakılığa məruz qalmamasının təmin edilməsi, girov saxlanıldığı ölkədə fəaliyyət göstərən nümayəndəlikləri vasitəsilə onun səhhətinin və ümumi vəziyyətinin nəzarətdə saxlanılması və mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında yardımçı olmaları xahiş olunub/Report.