XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

02 Aprel 2019 - 20:34

Dövlət Komitəsində Kəlbəcərin işğalının ildönümü ilə bağlı tədbir keçirildi –FOTO

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Dövlət Komitəsindən Strateq.az-a verilən məlumata görə, tədbirdə Komitənin sədri və əməkdaşları, Kəlbəcər rayonundan olan ziyalılar, Qarabağ müharibəsi veteranları, ictimai fəallar, həmçinin Aprel qazilərindən bir qrupu iştirak ediblər.

Əvvəlcə Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Kəlbəcərin təcavüzkar Ermənistan tərəfindən işğalına imkan yaradan hərbi-siyasi səbəblər haqqında danışıb. O, həmin dövrdə Azərbaycana rəhbərlik edən şəxslərin naşı və səriştəsiz idarəçiliyi nəticəsində ölkədə bütün sahələrdə dərin böhran yarandığını qeyd edib. Hətta belə bir vəziyyətdə yerli vətənpərvərlərin öz doğma yurdlarını qəhrəmanlıqla müdafiə etmələrinə baxmayaraq, xaricdən dəstək alan ermənilər uzunmüddətli döyüşlərdən sonra rayon ərazisini işğal edə biliblər. Kəlbəcərdə erməni vəhşiliyinin tarixçəsi 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ağdaban və Çayqovuşan kəndlərinə qəfil hücumla başlayıb. Burada əhaliyə amansız divan tutulub, günahsız insanlar işgəncələrə məruz qalıblar. Ermənistan silahlı dəstələri 1993-cü il martın 27-də genişmiqyaslı hücuma keçərək aprelin 2-də rayonu tamamilə işğal ediblər. Başlıbel kəndinin 62 sakini isə işğaldan sonra üç aydan artıq müddətdə mühasirədə qalaraq dağlara sığınıblar. Onlardan yalnız 30 nəfəri sağ qalıb.

Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə erməni silahlı qüvvələrinin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin Təhlükəsizlik Şurasının digər 3 qətnaməsi kimi, bu qətnamə də indiyədək yerinə yetirilməyib.

Kəlbəcərin 60 min nəfər əhalisi hazırda respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşıb. Onlar da dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı tapşırıqlarının icrası nəticəsində kəlbəcərli didərginlərin də mənzil-məişət şəraiti, maddi vəziyyəti yaxşılaşdırılır.

Anım tədbirində çıxış edən kəlbəcərli ziyalılar və ictimai fəallar buna görə dövlətimizin rəhbərlərinə minnətdarlıq bildiriblər.

Azərbaycan Ordusunun Aprel zəfərinin 3-cü ildönümünə təsadüf edən anım tədbirinin iştirakçısı olan qazilər isə silahdaşları ilə birgə bu zəfərin qazanılmasında göstərdikləri şücaətlərdən söz açaraq deyiblər ki, Ali Baş Komandanın əmrini gözləyən qəhrəman əsgər və zabitlərimiz torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdırlar.

Sonda Kəlbəcərə həsr olunmuş film nümayiş etdirilib.