İran İslam Respublikasında aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Hökuməti adından aprelin 10-da bu ölkəyə göndərdiyi humanitar yardım ünvana çatdırılıb və aidiyyəti üzrə təhvil verilib.
Strateq.az FHN-ə istinadən xəbər verir ki, ümumi dəyəri 950 min manat olan humanitar yardıma 166 ədəd mətbəx dəsti, 3 min ədəd yataq dəsti, 75 ədəd çadır, 150 ədəd müxtəlif parametrli su nasosu, 5 ədəd 4 metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320 xilasedici geyim dəsti və 200 ədəd xilasedici jilet, “Katerpiller” və “Komatsu” markalı 2 ədəd ekskavator daxildir.
Qeyd edək ki, İranda baş vermiş təbii fəlakət insan itkisinə və dağıntılara səbəb olub, infrastruktura ciddi ziyan dəyib.