XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

29 Aprel 2019 - 11:22

Bakı Ali Neft Məktəbinin tələbəsi 11-ci qrant müsabiqəsinin qalibi olub –Açıqlama + FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Gənclər Fondunun elan etdiyi 11-ci qrant müsabiqəsinin qalibi olub. 

BANM-dən Strateq.az-a verilən məlumata görə, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 5-ci kurs tələbəsi Ayaz Səmədli müəllifi olduğu “Avtonom maşınlar – süni intellekt” adlı layihəsini uğurla həyata keçirib.

Ali Məktəbin təşkilatı dəstəyi ilə icra edilən bu layihə dörd təlimdən ibarətdir və bu təlimlərdə tələbələrin gələcək karyeraları üçün faydalı mövzular müzakirə olunub.

Rektor Elmar Qasımov layihənin yekun mükafatlandırma mərasimində çıxış edərək layihədə iştirak edən BANM-in və digər universitetlərin tələbələrini təbrik edib, onlara gələcək təhsil həyatında uğurlar arzulayıb. O, qonaqlara və təlim iştirakçılarına layihənin əhəmiyyətindən danışaraq gənclərin bu kimi layihələrdə aktiv iştirakından məmnunluğunu bildirib.

Tədbirin sonunda təlimlərdə iştirak edən tələbələr sertifikat və həvəsləndirici hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, layihənin təlimlərində BANM ilə yanaşı ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti, Milli Aviasiya Akademiyası və Bakı Mühəndislik Universitetinin tələbələri də iştirak edib. Layihə iştirakçıları təlimlər müddətində “Əşyaların interneti”, “Maşın öyrənməsi”, “Komputer Vizyonu”, “Neyron Şəbəkələr” və s. mövzuları üzrə məlumatlandırılıblar.