Fəxrəddin Mehdiyev,
vəkil
Ona “bəraət hökmlü hakim” kimi müraciət edər, onu fəxarətlə belə təqdim edərdim. “Bəraət hökmlü hakim” ifadəsinin maraqlı və ibrətamiz tarixi var idi. Mənə elə gəlirdi ki, bu ifadə onda xoş təəssüratlar yaradır.
Əşrəf Həşimov əmək fəaliyyətinə Masallaı rayon məhkəməsində başlamışdı, təqaüdə qədər də məhkəmə sistemində işləmişdi – məhkəmə iclas katibi, məhkəmə icraçısı və hakim. Əşrəf müəllimdə ədalət hissi çox güclü idi, zahirən sakit, mülayim görünüşdə qərarlar qəbul edəndə ədalət hissinə köklənən daxili gücü özünü göstəriridi. Bu onun hakim kimi ədalətli qərarlarında ifadəsini tapırdı.
İlk dəfə belə bir cəsarətli qərarı Qazax rayonunda hakim işləyərkən qəbul etdiyini belə xatırlayardı: Təsərrüfat işində işləyən vəzifəli bir şəxs raykom katibinin iş üslubuna irad bildirir və nəticəsi bu olur ki, həmin şəxs raykom katibinin qəzəbinə gəlir. Raykom katibinin qəzəbinə gələn şəxslərin aqibəti pis qurtaradı, o zaman katiblər rayonda fövqaladə səlahiyyət sahibi idilər. Həmin şəxsə qarşı sifarişlə cinayət işi qaldırılır və rayon məhkəməsinə göndərilir. Cinayət işinə baxan rayon məhkəməsinin sədri ona beş il azadlıqdan məhrum etmə cəzası barədə hökm çıxarır. Şikayət əsasında iş yenidən baxışa qaytarılır və işin icraatı hakim Əşrəf Həşimova verilir. Əşrəf müəllim danışırdı ki, “məhkəmə prosesində tam əmin oldum ki, şəxs günahsızdır və şər – böhtanın qurbanıdır və qəti qərara gəldim ki, bəraət hökmü çıxarmaqla onu məhkəmə zalından azad edim.
Belə bir qərarın mənim üçün çətinliyini, təhlükəliliyini bilirdim. Çünki əvvəlki ittiham hökmünü rayon məhkəməsinin sədri çıxarmışdı, digər tərəfdən, sifarişin arxasinda raykom katibi dayanırdı. O zaman hakim vəzifəsi Mərkəzi Komitənin nomenklaturasına daxil idi, Mərkəzi Komitənin inzibati orqanlar şöbəsi üçün Raykom katibinin sözü, raykomun bürosunun qərarı həlledici əhəmiyyət daşıyırdı.
Lakin bütün bu real təhlükələrə mən daxilən hazır idim və ona görə bəraət hökmünü elan edib, həmin şəxsi məhkəmə zalından azad etdim. Bu qərar həbsdən azad etdiyim şəxs üçün, eləcədə məhkəmə sədri, raykom katibi üçün də gözlənilməz oldu. Rayonda böyük səs-küyə səbəb oldu. Mənim hökmüm ədalətli olduğundan, rayon əhalisi tərəfindən rəğbətlə, hörmətlə qarşılandı. Mənə qarşı insanların münasibətində bunu hiss edirdim. Bəraət hökmü uzun zaman diqqət mərkəzində qaldı. Bunun üçün mənə qarşı çox təzyiqlər oldu. Lakin illər keçdikcə mən bu hökmü xatırlayarkən xoşbəxtlik hissi yaşayıram”.
Bəraət hökmü hakimin bəsirət və cəsarətindən yaranır. Məhkəmə məsuliyyətinə cəlb edilən şəxsin günahsızlığına tam əmin olunması bəsirət gözünü və bu zaman xarici maneələri, çətinlikləri daxilən aradan qaldırmaq isə iradə və cəsarət tələb edir. Əşrəf müəllimdə hakim kimi bəsirət və cəsarət vəhdətdə ifadə olunurdu.
Əşrəf müəllimin Astara rayonunda hakim işləyərkən ibratamiz qərarlarından biri Rövşən Caniyevin – Lənkəraniskinin işi olmuşdur. Rövşən Lənkəraniski atasının qatilini məhkəmə zalında güllələyir və onun barəsindəki cinayət işi ağır ittihamla hakim Əşrəf müəllimin icraatına daxil olur. O, işin motivini nəzərə alaraq ağır ittihamı dəyişdirir və Rövşən Caniyevə yüngül cəza təyin edir. Bu isə Rövşən Caniyevin azadlığa çıxmasının asanlaşdırır. O danışırdı ki, həmin işlə bağlı qəbul edilən qərar Rövşən Canıyev və eləcə də rayon əhalisi tərəfindən də ədalətli qərar kimi rəğbətlə qarşılandı.
Ümumiyyətlə, hakimin qərarı əhalinin əksəriyyəti tərəfindən rəğbətlə, hörmətlə qarşılanırsa, bu artıq hakimin qərarının ədalətliliyinin göstəricisidir.rXalqın gözü tərəzidir deyillər. Ona görə də, xalqın gözü Femida tərəzisinin düzgünlüyünü meyarıdır.
Əşrəf müəllim təqaüdə çıxdıqdan sonra da məhkəmə işlərindən uzaqlaşmır. Nümayəndə kimi məhkəmə proseslərində iştirak edirdi. O, nümayəndə kimi işləri təmannasız görürdü və bunu belə izah edirdi ki, insanlar kömək üçün müraciət edəndə mən bundan imtina edə bilmirəm. O, sonuncu dəfə də bu nəcib, xeyrixah iş üçün məhkəməyə gedərkən yolda dünyasını dəyişdi.
Demək olar ki, biz həmişə hər gecə telefonla danışardıq, sonuncu dəfə 15 aprel gecəsi telefonla xeyli söhbət etdik, çox qəribədir ki, söhbətin sonunda qeyri-ixtiyari olaraq mən onunla əllə vidalaşdım. O, da eyni tərəzdə mənimlə əli ilə vidalaşdı. Bu, bizim vida görüşümüz imiş. Səhərsi gün saat 12 radələrdində onun qəflətən dünyasını dəyişdiyi ağır xəbərini eşitdim.
Hər kəsin əziyyətini çəkən insan heç kəsə əziyyət vermədi, qəflətən dünyadan köçdü.
Allah sizə rəhmət eləsin, ədalətli insan!