Azərbaycan sərhədçiləri 15 iyun – “Milli Qurtuluş günü”nün 26-cı ildönümünü ənənəvi olaraq yüksək səviyyədə qeyd edirlər.
Strateq.az Dövlət Sərhəd Xidmətinə istinadla xəbər verir ki, xidməti tərəfindən bu münasibətlə “Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı möhtəşəm bayraq yürüşü təşkil edilib.
Dövlət müstəqilliyimizin rəmzi və hər bir azərbaycanlının qürur mənbəyi olan, 5 km 100 m uzunluqda Dövlət Bayrağımızı irəlidə generallar və zabitlər olmaqla 5000 nəfər heyət çiyinləri üzərində daşıyıblar.
Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının sərhədçi süvariləri müqəddəs dövlət bayrağımızı başları üzərində ucaldıblar.
Yürüş boyu yerləşdirilmiş zirehli döyüş texnikalarında dövlət bayrağının dalğalandırılması, bayrağımızdakı səkkiz guşəli ulduzu tərənnüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib.