Azərbaycan Beynəlxalq Bankı "Oracle FlexCube" platformasının 12-ci versiyasının tətbiqinə başlayıb. Məqsəd bankda istifadə olunan avtomatlaşdırılmış əməliyyat sisteminin modernləşdirilməsidir.
"Oracle FlexCube" bank platformasının bu sonuncu versiyası dünyanın qabaqcıl maliyyə institutlarında tətbiq edilir.
Bankdan bildiriblər ki, bu addım Azərbaycan Beynəlxalq Bankında biznes proseslərinin təkmilləşdirilərək bankın strateji inkişaf xəttinə uyğunlaşdırılmasına imkan yaradacaq. İşin operativliyinin, səmərəliliyinin və keyfiyyətinin artırılmasına, əməliyyatların sürətləndirilməsinə, müştərilərə daha yüksək xidmətin təmin olunmasına kömək göstərəcək.