XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

21 İyun 2019 - 18:53

AQTA:"Məhsul aparan 20 min 565 nəqliyyat vasitəsindən cəmi 2-si geri qaytarılıb"

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida zəncirinin bütün mərhələlərində dövlət nəzarətini və tənzimləməsini həyata keçirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, ölkəmizə idxal edilən və Azərbaycandan xaricə ixrac edilən bitki və bitkiçilik məhsullarına da dövlət nəzarəti Agentlik tərəfindən aparılır.

2019-cu ilin yanvar ayının 1-dən bu günədək Azərbaycandan 20 min 565 nəqliyyat vasitəsində müxtəlif bitki və bitkiçilik məhsulları müxtəlif ölkələrin ərazisinə ixrac olunub.

İxrac edilən 20 min 565 nəqliyyat vasitəsindən cəmi 2 nəqliyyat vasitəsi geri qaytarılıb. Nəqliyyat vasitəsinin biri yol sənədləri tam olmaması səbəbindən qaytarılıb. Həmin avtonəqliyyat vasitəsinin sənədləri qaydasına salınaraq məhsul yenidən ixrac olunub.

Digər nəqliyyat vasitəsində isə fitosanitar uyğunsuzluq aşkar edildiyi bildirilib. AQTA əməkdaşları tərəfindən yükə yenidən baxış keçirilib. Eyni zamanda nəqliyyat vasitəsindəki məhsullardan götürülən nümunələrin müayinələri nəticəsində həm bitki mühafizəsi, həm də insan orqanizmi üçün təhlükəli hal aşkar edilmədiyi üçün məhsulların istifadəsinə icazə verilib.

Qeyd edək ki, Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartların tələblərinə və milli qanunvericiliyə uyğun olaraq, hər bir idxalçı ölkə tərəfindən ərazisinə daxil olan fitosanitar karantin nəzarətində olan məhsullara fitosanitar karantin baxışı tətbiq olunur (yükü müşaiyət edən sənədlərə, nəqliyyat vasitələrinə, qablaşdırma materiallarına, bitki və bitkiçilik məhsullarına). Karantin baxışı zamanı uyğunsuzluq aşkar edilmədiyi təqdirdə yükün idxalına icazə verilir. Yükdə karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, yük zərərsizləşdirilə, emal edilə, məhv edilə və ya geri qaytarıla bilər.