XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

25 İyun 2019 - 12:03

İcra başçısı:"Təxribatlar barədə ATƏT nümayəndələrini məlumatlandırdım"

“ATƏT-in nümayəndə heyətinə Ermənistan silahlı qüvvələrinin son günlər cəbhə xəttində törədikləri təxribatlar barədə məlumat verdim”.

Bunu  Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov deyib.

V.Həsənov iyunun 25-də rayon İcra Hakimiyyətində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Harri O`Konnorla görüşüb.

İcra başçısı bildirib ki, ermənilər cəbhə xəttinə yaxın ərazilərdə mülki əhaliyə atəş açmaqla yanaşı, işğal olunmuş Azərbaycan torpaqlarında yanğınlar törədirlər: “Düşmən nəzarəti altında olan torpaqlarımızda mütəmadi olaraq yanğınlar törədilir. Sonuncu dəfə bir neçə gün bundan öncə ermənilər yenidən yanğın törədiblər. Yanğın Ağdam rayonunun Mirəşəlli kəndinin qəbiristanlığına da keçib. 

Yerli əhali və Ağdam Rayon İcra Hakimiyyəti düşmənin törətdiyi yanğının qarşısını almaq üçün səfərbər oldu və yanğın çətinliklə söndürüldü. Bununla da alovun taxıl zəmilərinə və fərdi yaşayış evlərinə keçməsinin qarşısı alındı. Mən ermənilərin cəbhə xəttinə yaxın ərazilərdə törətdikləri bu təxribatlar barədə ATƏT nümayəndələrini məlumatlandırdım. Onlar da bizim fikirlərimiz ATƏT rəhbərliyinə çatdıracaqlar”. /Report