XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

12 Yanvar 2016 - 13:58

Eldar Sabiroğlu: [color=red]”Hüzr yerinə düşmən də gəlsə, ona ehtiram göstərərlər”

 

eldarsabiroqlu.jpg

“Səhər-səhər ovqatımı zəhərə döndərən bir məlumatla tanış oldum. Keşkə, heç baxmayaydım. Özümə hələ gələ bilməmişəm. Biz hara gedirik, ürf-adətlərimizi, ənənələrimizi bu qədərmi yaddan çıxarmışıq?! Belə işlər olmaz! Nə dinimizdə, nə də qanunlarımızda bu cür davranış normasına rast gəlmək mümkün deyil”.

Bunları tanınmış YAP-çı, sabiq deputat və Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu, vəkil Aslan İsmayılovun Xalq şairi Zəlimxan Yaqubla vida mərasimindən çıxarılmasıyla bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

E.Sabiroğlu bildirib ki, el adətimizə görə, hüzr yerinə düşmən də gəlsə, onu qapıdan qovmaz, ona ehtiram göstərərlər: "Rəhmətlik Zəlimxan Yaqubun Təzəpir məscidindəki cənazə törəninə qatılmaq istəyən hüquqşünas Aslan İsmayılovu oradan qovub çıxarmaq heç bir kitab-dəftərə sığmır. Elə başa düşülməsin ki, məxsusi onun müdafiəsinə qalxıram. Yox, belə deyil. Aslan olmasın, Həsən-Huseyn olsun, sadəcə münasibətin ağla sığmadığını təəsəvvur etdikcə, adamı dəhşət bürüyür. Aslan İsmayılovla mənim heç bir əlaqəm yoxdur, onun bir sıra baxışları ilə də razılaşmıram. Ancaq konkret vəziyyətdə özümü onun yerinə qoyuram… Aslanın hüzr yerindən çıxıb maşınına oturana qədər nələr çəkdiyini bir Allah bilir! Yaxşı ki, ordaca infarkt olub ölməyib. Belə davranışmı olar?!”

E.Sabiroğlu Zəlimxan Yaqubla yaxın münasibətləri olmasına baxmayaraq, onunla vida mərasimində iştirak etmədiyini də deyib və səbəbini belə izah edib: “Rəhmətlik Zəlimxanla mənim də yaxşı münasibətlərim vardı. Dəfələrlə zəng edib hal-əhval tutmuşdum. Son bir ayda telefonu susmuşdu, nə qədər zəng etsəm də, cavab vermirdi. Bu böyük şairin, ürəyi sözlə dolu olan poeziya ustadının hüzürünə qatılmaq istəsəm də, sonra fikrimdən dönərək son borcumu verə bilmədim. Səbəb də budur ki, orada mənə qarşı bəzilərinin tuşlanmış nifrət və qəzəb püsgürən gözlərini görmək istəmədim. Zəlimxan bağışlasın məni! Hüzürümüz də bölünüb artıq! Aslan İsmayılova qarşı edilən bu xoşagəlməz hərəkət barədə hüzrdə iştirak edən möhtərəm cənab Prezident məlumatlandırılarsa, o, bu işi təşkil edənlərə öz kəskin sözünü deyər. Mən buna tam əminəm. Çünki dövlət başçımız dini qayda-qanunların hörmət və izzətini həmisə yüksəkdə saxlayır. Heç olmazsa, bundan nümunə götürün…”

V.Nəsibov

AzPolitika.info